“Yeni transferimizi sifariş etmək üçün kimisə çıxarmayacağıq”
16.07.2012 - 16:58
“Yeni transferimizi sifariş etmək üçün kimisə çıxarmayacağıq”
“Yeni transferimiz Haynz Barmettleri “Asteras”la oyunlara sifariş etməyi nəzərdə tutmuşuq. Futbolçu bu gecə ölkəmizə gələcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in baş meneceri Səbuhi Səfiyarlı deyib. Avroliqada ölkəmizi uğurla təmsil edən Bakı təmsilçisi növbəti sınaq qarşısındadır. Belə ki, komandamız turnirin II təsnifat mərhələsində Yunanıstanın “Asteras” klubu ilə ilk oyununu iyulun 19-da “Dalğa Arena”da keçirəcək.

“İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadadze hələ Estoniyanın “Trans” klubunu səfərdə 5:0 hesabı ilə yendikləri ilk matçdan sonra saytımıza müsahibəsində 1 müdafiəçi və 1 hücumçu almağı nəzərdə tutduqlarını bildirmişdi. “Bankirlər” “Sürix” klubundan transfer etdikləri İsveçrə yığmasının müdafiəçisi Haynz Barmettlerin keçidini həll etməklə müdafiə xəttini tam komplektləşdirib.

Səfiyarlı yeni legionerin transfer vərəqəsini gözlədiklərini bildirib: “Bu, Yunanıstan klubu ilə ilk oyunumuza qədər gələrsə, Haynzın meydana çıxmağına imkan yaranacaq. İştirak ərizəmizdə 25 futbolçu olsaydı, yeni oyunçunun adını daxil etmək üçün kimisə çıxarmalı idik. Çünki UEFA klublara sifariş vərəqində maksimum 25 oyunçunun adını göstərməyə icazə verir. Ancaq bizdə 21 futbolçu olduğundan, hələ boş yer verir və kimisə çıxarmaya ehtiyac yoxdur. “Sumqayıt”dan gələn yığmamızın 19 yaşlı yarımmüdafiəçisi Abdulla Abatsiyev də sıralarımızdadır”.

Bürünc medalçımızın hücum xəttinə braziliyalı futbolçu gətirəcəyi gözlənilir. Ancaq baş menecerin sözlərinə görə, danışıqlar müsbət yekunlaşmadığından, ən azı Yunanıstan klubu ilə matçlarda yeni hücumçu olmayacaq.

Mehman SÜLEYMANOV