“Xəzər Lənkəran” Portuqaliya çempionunu transfer edir
17.07.2012 - 15:44
“Xəzər Lənkəran” Portuqaliya çempionunu transfer edir
Azərbaycanı Avroliqada təmsil edən “Xəzər Lənkəran” Buxarest “Dinamo”sundan daha bir futbolçu transfer edir. Komandanın baş məşqçisi Yunis Hüseynov apasport.az saytına açıqlamasında müdafiəçi “Dinamo”da müdafiəçi Manuel Skarlatake ilə birgə oynamış hücumçu Marius Nikulaenin xidmətində maraqlı olduqlarını bildirib. O, Rumıniya yığmasının 31 yaşlı oyunçusunun keçidi ilə bağlı danışıqların nəticəsini gözlədiklərini bildirib: “Avroliqada növbəti rəqibimiz olan Polşanın “Lex” klubu ilə matçlara iştirak ərizəmizə yeni bir futbolçunun adını daxil edə bilərik. Biz də hücumçu lazım olduğundan, həmin mövqeyə oyunçu sifariş etmək istəyirik. Rəhbərliyin Nikulae və onun meneceri ilə danışığı olub. Ancaq məsələ hələ tam həllini tapmadığından, keçid rəsmiləşməyib ki, bunun olmağını gözləyirik”.

Hüseynovun sözlərinə görə, məsələyə sabah aydınlıq gələcək: “Çünki UEFA-ya yeni futbolçu sifariş etmək üçün sabah son gündür. Əgər Mariusun transferini Lənkərandakı oyuna kimi həll edə bilməsək, bu, sonraya qalacaq. Çünki “Lex”lə cavab oyununa yeni futbolçunun adını iştirak ərizənə daxil etməyə icazə yoxdur. Ancaq istənilən halda, rumıniyalı hücumçunun keçidi gündəmdədir. O, hazır futbolçudur və bizə kömək edə bilər. Transferi baş tutsa, düşərgəmizə gələcək rumıniyalının Lənkərandakı oyunda xidmətindən istifadə etməyim mümkündür”.

Nikulae karyerası daha çox yetirməsi olduğu Buxarest “Dinamo”su ilə bağlıdır. Belə ki, 1996-2001 və 2008-ci ildən indiyə kimi oynadığı paytaxt təmsilçisində ümumilikdə 189 oyunda 82 qol vurub. Vətənində yalnız “Dinamo”da oynayan, 2000-ci ildə onunla “qızıl dubl” edən hücumçu 2002-2005-ci illərdə Portuqaliyanın “Sportinq” klubunda çıxışı ilə tanınıb və 59 oyunda 14 qol vurub. Marius Lissabon klubunda çıxış etdiyi ilk ildə 3 titul – Portuqaliya çempionluğu, kuboku və Superkuboku qazanıb.

Rumın 2005/06 mövsümündə Belçikanın “Standard” (26 oyun, 4 qol), 2006/07 mövsümündə Almaniyanın “Mayns” (6 oyun), 2007/08 mövsümündə Şotlandiyanın “İnverness” (35 oyun, 8 qol) klubunda forma geyib. Ötən ili icarə əsasında Yunanıstanda keçirən hücumçu “Kavala”da 12 oyunda 4 qol vurub. Nikulae 2000-ci ildən üzvü olduğu yığmasında 41 oyunda 15 qol vurub.

Mehman SÜLEYMANOV