“İndiyə qədər bu cür halla rastlaşmamışıq”
18.07.2012 - 12:14
“İndiyə qədər bu cür halla rastlaşmamışıq”
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Neftçi”nin futbolçusu Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

- “Zestafoni” ilə ilk oyunla bağlı nə deyə bilərsiz?
- Çətin olacağını əvvəlcədən bilirdik. Çünki rəqibin də Avropa təcrübəsi var. Onlar ardıcıl 5 ildir avrokuboklarda iştirak edir. Ötən il pley-off mərhələsinə qədər irəliləməyi bacarıblar. Şükürlər olsun ki, qapımızdan top buraxmadan qələbə qazandıq. Çalışacağıq ki, səfər oyununda da qələbə qazanaq.

- Böyük hesablı qələbə gözlənilirdimi?
- Açığı, hesabın bu cür olacağını biz də gözləmirdik. Amma bu futboldur, hər cür nəticə ilə qarşılaşmaq mümkündür. Ola bilərdi ki, onlar qələbə qazansın. Allaha şükürlər olsun ki, qolları biz vurduq.

- Xüsusilə də ikinci hissə başlayanda “Neftçi” bir müddət üstünlüyü rəqibə verdi. Bu yorğunluqdan irəli gəlirdi, yoxsa taktiki gediş idi?
- Biz oyuna da bu cür başlamışdıq. Yəni müdafiəyə çəkilərək rəqibi əks hücumlarda yaxalamağa çalışdıq. Fasilədən sonra da bu cür başladıq. Bu da bəhrəsini verdi və 3 qol vurduq.

- Nəticənin cavab oyununu formallığa çevirdiyini söyləmək olarmı?
- Çalışacağıq ki, səfər matçında da qələbə qazanaq. Çünki orda sırf müdafiəyə diqqət yetirsək, bizim üçün ağır olar. Həm də qələbə ölkəmiz üçün reytinq xalları qazandıracaq.

- Yeni transferlərin özlərini doğrultduğunu söyləmək olarmı?
- Özlərini doğrultdular. Sona qədər mübarizə apardılar. Hətta onlardan ikisi komandada qol hesabını açdı. Məncə, debütləri pis alınmadı.

- Artıq iki komandamız Avropa Liqasında mərhələ adlayıb. “Neftçi” isə buna yaxındır. Necə düşünürsüz, hazırkı situasiyanı klublarımız üçün uğurlu hesab etmək olarmı?
- Əlbəttə, artıq ikisi mübarizəni davam etdirir. Üçüncü komandamız da bunun öhdəsindən gələcək. Bu baxımdan, hazırkı vəziyyəti uğur kimi təqdim etmək olar. Səhv etmirəmsə, indiyə qədər bu cür halla rastlaşmamışıq.