Yunis Hüseynov: Mərhələ keçmək istəyiriksə...
18.07.2012 - 17:43
Yunis Hüseynov: Mərhələ keçmək istəyiriksə...
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının xəbərinə görə, təcrübəli mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin “Lex” (Polşa) komandasıyla sabahkı oyunu öncəsi fikirlərini açıqlayıb.

- “Nomme Kalyu” ilə oyundan sonra “Lex”ə qarşı hazırlıq necə keçdi?
- Komanda yaxşı hazırlıq keçib, futbolçulardan razıyam. Düşərgədə yüksək ab-hava var.

- Yəqin ki, rəqibin məşqi və oyunlarını izləmisiniz...
- Təbii. “Lex”in güclü və zəif yerlərini bilirik.

- Bəs rəqibin zəif və güclü cəhətləri hansıdır?
- Onu indi deməyəcəm. Bu haqda futbolçularla söhbətim olub. Məndə mərhələ keçməyə inam var. İnşallah, sabah yaxşı nəticə qazanarıq.

- Yeni futbolçu transfer etmək mümkün olmadı?
- 3 futbolçu ilə danışdıq. Amma son anda razılaşmadıq. Transfer çalışmalarımız davam edir, hər gün danışırıq. Elə futbolçu var ki, klubu ilə müqaviləsi davam edir. Siz də bilirsiz ki, bizə futbolçu lazımdı. Bu istiqamətdə işlər davam edir.

- Qalib heyəti dəyişməzlər. Yəqin ki, sabahkı oyunun start heyəti artıq sizin üçün məlumdur...
- Yox, hələlik ilk dəqiqələrdən kimi meydana buraxacağım bəlli deyil. Bunu sabah oyundan əvvəl müəyyənləşdirəcəm.

- “Lex”ə qarşı necə oynamağı planlaşdırırsınız?
- Hər halda, “Lex” “Nomme Kalyu” deyil. Bu dəfəki rəqibimiz güclüdür və buna uyğun taktika quracağıq.

- Sabahkı qarşılaşmada sizi hansı nəticə razı salacaq?
- Ancaq qələbə. Bütün məşqçilər kimi, məni də qələbə qane edəcək. Sabah qol buraxmamalıyıq. Əgər mərhələ keçmək istəyiriksə, qol buraxmamalıyıq.
0