Yunis Hüseynov qalib heyətə toxunmadı
19.07.2012 - 15:00
Yunis Hüseynov qalib heyətə toxunmadı
“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə bugünkü oyun üçün əsas heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov “qalib heyəti dəyişməzlər” prinsipini əsas tutub.

Belə ki, o, Estoniyada “Nomme Kalyu”ya 2:0 hesabı ilə qalib gəlib, mərhələ keçdikləri start “11-liy”i meydana buraxmaq fikrindədir. Hər halda, “Xəzər Lənkəran”a 8 illik tarixində avrokuboklarda ilk qələbəni, ilk dəfə mərhələ adlamağı məhz həmin start heyəti qazandırdı.

47 yaşlı çalışdırıcının yeganə tərəddüdü xorvatiyalı yarımmüdafiəçi Roberto Alvizi kosta-rikalı hücumçu Rendall Brenesi əvəzləməklə bağlıdır. Məsələ ondadır ki, cənublular evdə qalib gəlməli olduqlarından, Hüseynov 2 hücumçu ilə çıxmağı götür-qoy edir. Ancaq digər tərəfdən, budəfəki rəqib Estoniya təmsilçisindən güclü olduğundan, orta sahəni möhkəmləndirib, 1 hücumçu ilə meydana çıxmaq, Brenesi sonradan oyuna daxil etmək variantı da yaxşıdır.

Buna görə də Hüseynovun Tallindəki matçda start heyətində güvənib, Alvizi ilk dəqiqələrdə meydana buraxacağı gözlənilir.

Qapıda Kamran Ağayev, müdafiənin mərkəzində Manuel Skarlatake ilə Elnur Allahverdiyev, solunda və sağında müvafiq olaraq Radomir Todorovla Eder Bonfim yer alacaq. Mərkəz müdafiəçisi olan Ruslan Abışovun dayaq yarımmüdafiəçisi kimi də faydalı olduğunu “Nomme Kalyu” ilə səfər matçında göstərdi. Hər halda, məhz Ruslan başla vurduğu qolla hesabı açaraq, qələbənin əsasını qoydu.

Rahid Əmirquliyevlə Alviz də onun kimi yarımmüdafiənin müdafiənin mərkəzində yer alacaq. Sadio Tounkara yarımmüdafiənin sağ cinahında hücumlara dəstək verəcək. Daha çox yarımmüdafiənin solunda oynayan Adrian Pit yenə daha çox mərkəzə çəkilərək, əsas oyun qurucusu funksiyasını yerinə yetirəcək. İrəlidə tək hücumçu isə millimizin də üzvü olan, ilk mərhələdə hər 2 oyunda qol vuran Branimir Subaşiç olacaq.

Mehman SÜLEYMANOV
0