Ənənəyə “Bakı” ilə davam
19.07.2012 - 18:57
Ənənəyə “Bakı” ilə davam
Azərbaycan futbolunda yeni ənənə formalaşıb. Apasport.az saytının məlumatına görə, avrokubokların I təsnifat mərhələsində büdrəyən komanda baş məşqçisini dəyişir. Bu tendensiyanın artıq 3 yaşı var.

Artıq formalaşan ənənənin təməlini “Xəzər Lənkəran” qoyub. 2010/11 mövsümündə Avropa Liqasının ilk oyunlarında Moldova “Olimpiya”sını keçə bilməyən cənublular Ağasəlim Mircavadovla yollarını ayırmışdı. Həmin vaxt I təsnifat mərhələsində oynayan “Qarabağ” mərhələ adlamış, çempion və kubokun qalibi – müvafiq olaraq “Bakı” ilə “İnter” II təsnifat mərhələsindən mübarizəyə başlamışdı.

2011/12 mövsümündə isə “Neftçi” çempion, “Xəzər Lənkəran” isə kubokun qalibi kimi I təsnifat mərhələsindən azad idi. İlk addımda “Qarabağ” irəliləmişdisə, AZAL Belarus “Minsk”i ilə bacarmamışdı. Həmin görüş bitən kimi Nazim Süleymanov istefa vermişdi. Maraqlıdır ki, həmin il hətta II təsnifat mərhələsində büdrəyən “Neftçi”də Arif Əsədovla yollarını ayırmışdı.

Bu il isə I təsnifat mərhələsində 3 komanda – “Xəzər Lənkəran”, “İnter” və “Bakı” oynayırdı. Onlardan yalnız sonuncu Sloveniya “Mura”sı qarşısında aciz qaldı. Nəticədə də Novruz Əzimov postundan kənarlaşdırıldı. Bir sözlə Mircavadovla başlayan ənənə Süleymanov və Əzimovla davam edir.

Qeyd edək ki, ənənədən öncə 2009/10 mövsümündə “İnter”lə “Simurq” I təsnifat mərhələsində büdrəsə də baş məşqçi postunda dəyişikliyə ehtiyac duymamışdı.