Mariuş Rumak: “Xəzər Lənkəran”ın bəxti daha çox gətirdi, nəinki bizim
19.07.2012 - 21:18
Mariuş Rumak: “Xəzər Lənkəran”ın bəxti daha çox gətirdi, nəinki bizim
“Əvvəlcədən düşündüyüm kimi, qarşılaşma çətin keçdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Lex” klubunun baş məşqçisi Mariuş Rumak deyib.

Polşalı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk matçından (1:1) sonra keçirilən mətbuat konfransında bildirib ki, rəqib ikinci hissədə oyunun taktikasında dəyişiklik edib: “Biz də buna uyğun dəyişiklik etdik. Hələlik komandalar arasındakı duelin ilk hissəsi oynanılıb. Hər şeyə Poznanda aydınlıq gələcək. “Xəzər Lənkəran” yaxşı komandadır və bizə cavab matçında çətin olacaq”.

Rumak həmkarı Yunis Hüseynovun Poznanda qələbə qazanacaqları barədə fikirlərinə də münasibət bildirib: “Bu, onun fikirləridi. Düşünürəm ki, bu qarşılaşmada rəqibin daha çox bəxti gətirdi, nəinki bizim. Biz sonuncu dəfə 4 ay əvvəl uduzmuşuq. Poznanda da uduzmaq fikrimiz yoxdu”.