Elnur Allahverdiyev: Biz onları çox alçaldırıq
20.07.2012 - 10:34
Elnur Allahverdiyev: Biz onları çox alçaldırıq
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin Avroliqanın II təsnifat mərhələsinin “Lex”lə ilk oyunundan sonra apasport.az saytına müsahibəsi

- Lənkəranda qeydə alınan 1:1 hesablı nəticə şansımızı nə dərəcədə saxlayır?
- “Lex” zəif komanda deyil, səviyyəsi var. Ancaq biz də zəif deyilik. İnşallah, Polşadan qələbə ilə qayıdarıq. Həqiqətən buna inanıram. Bu, futboldur, hər şey ola bilər. İstəmirəm ki, başımdan böyük danışam.

- “Xəzər Lənkəran”ın evdə qələbə qazanmağına nə çatmadı?
- Qolu tez vurduq. Bundan az sonra hesabı artırmaq üçün 100 faizli imkanımız oldu. Lakin bunu dəyərləndirə bilmədik. Mən sizə deyim ki, həmin qolu vursaydıq, bəlkə də böyük hesabla qalib gələrdik. Ancaq əvəzində elə qol buraxdıq ki... Avroliqada bu mövsümdə 3 oyunda qapımızda 3 top görmüşük. Elə qollar buraxmışıq ki, həqiqətən gülməlidir. Nə bilib, vurular, gedir qapıya girir. Evdə qol buraxmağımız pis oldu. Məncə, hücumda çatışmazlığımız oldu. İkinci hissədə digər hücumçumuz Rendall Brenes meydana girdi, ancaq deyərdim ki, oyuna güc qata bilmədi.

- Komandanız ilk mərhələdə rəqibiniz olan Estoniyanın “Nomme Kalyu” klubu ilə yaxşı oyandı, yoxsa indi?
- Bu dəfə də pis oynamadıq və sürət yüksək idi. “Nomme Kalyu” ilə 60 dəqiqə yüksək səviyyədə çıxış etdik. Ancaq “Lex” o gücdə rəqib deyil ki, onlardan bir baş üstün oynayaq. Komanda yoldaşlarımın hamısına çox sağ ol deyirəm. Belə alındı ki, evdə 1:1 oynadıq. Ancaq heç nə itirilməyib. Ümid edirəm ki, Allahın köməkliyi ilə səfərdə istədiyimiz nəticəni qazana bilərik.

- Hakimlik barədə nə deyə bilərsiz?
- Çox gözəl hakimlik oldu. Referi futbol oynamağa, sərt mübarizəyə imkan verdi. Mən elə futbola üstünlük verdiyimdən ondan razı qaldım.

- Yağışın yağmağı oyuna nə dərəcədə təsir etdi?
- Polşalılar həmişə yağışda oynadıqlarından bu onlar üçün üstünlük idi. Ancaq istəməzdim ki, yağış yağsın. Çünki onda yaxşı futbol oynamaq olmur. Məncə, yağış oyuna mane oldu.

- İkinci hissənin sonunda oyunun fəallarından olan Adrian Pit Rikardo Qomeşlə əvəzləndi. Bununla bağlı nə deyə bilərsiz?
- Bu baş məşqçinin işi, taktiki dəyişikliyidir. Bu barədə mən nəsə deyə bilmərəm.

- Qomeşdən razı qaldızmı?
- O, son 10 dəqiqədə oynadı. Mən deməzdim, elə də pis təsir bağışladı. Pitdən çox şey gözləyirdim, çünki onda hər şey var. Ancaq Adrianda istədiyim görmədiyimdən, çıxışından razı qalmadım.

- Polşadakı matçda hansı nəticəni gözləyirsiz?
- Yalnız qələbə. Çünki evdəki oyun 1:1 hesabı ilə başa çatıb və səfərdə mütləq qol vurmalıyıq.

- Reallıqda şanslar necədir?
- Mən deyərdim ki, bərabərdir. Onlar burada qol vurdular, biz orada niyə fərqlənməyək? Biz futbol oynayanda ümidli oluruq, çünki futbolçu həmişə başı dik olmalıdır. Oyunçu heç vaxt həvəsdən düşməməlidir. Bizim ən böyük üstünlüyümüz o ola bilər ki, Polşaya başı yuxarı gedək. “Lex”dir, nə olsun ki? Rəqib kim olur-olsun, özünə inanmalısan və kiçilməməlisən.

- Oyunun gedişində Rahid Əmirquliyevlə mübahisə etdiz. Bu nə ilə bağlı idi?
- Xeyr, heç bir problemimiz yoxdur. Sadəcə, oyun vəziyyətində qarışıqlıq düşdü və bir-birimizə hirsli söz dedik. Ola bilir ki, mən ona qışqırıram və ya əksinə. Ancaq biz çox mehribanıq və aramızda heç vaxt mübahisə olmur.

- Həm baş məşqçinizin, həm də futbolçularınızın iddialı açıqlamalarından sonra mərhələ keçə bilməsəz sizə təzyiqlər çox olacaq...
- Əlbəttə, uduzanda həmişə təzyiq olur. Lap mən elə açıqlama verməyim. Deyim ki, “Lex” bizdən üstündür, oraya başıaşağı gedirik. Polşalıların istər-istəməz üstünlükləri var. Çünki evdə oynayacaqlar. Ancaq “Lex” burada 1:1 oynayırsa, nəyə görə biz də orada 1:1 və ya 2:2 etməyək? Mənim üçün rəqibin fərqi yoxdur. Kimlə oynayıramsa başımı yuxarı tuturam və kim güclüdürsə, o da qalib gəlsin. Mən şəxsən komandama inanıram.

- “Lex” əvvəllər də klublarımıza qarşı oynayıb. “Karvan”a, “Xəzər Lənkəran”a və “İnter”ə qarşı çıxış edib və 4-cü dəfə ölkəmizə gəlmişdi. Həmin komandadan əsər-əlamət var idimi?
- Ola bilər ki, əvvəlki “Lex” bundan üstün idi. Ancaq onların oyun üslubu qalıb. Keçən il Avroliqanın qrup mərhələsində oynayıb. Pis olsaydı, oraya düşməzdi. Böyük avrokubok təcrübəsi var. İndiki “Lex” də zəif deyil, əla komandadır. Onları çox alçaldırıq, ancaq bu düzgün deyil. İstənilən rəqibə hörmətlə yanaşmalıyıq. “Lex” “Lex”dir, onlar Polşa, biz isə Azərbaycan çempionatında oynayırıq.
0