“Tənqidlə bağlı Foqtsla dəfələrlə fikir ayrılığımız olub” – MÜSAHİBƏ
20.07.2012 - 11:00
“Tənqidlə bağlı Foqtsla dəfələrlə fikir ayrılığımız olub” – MÜSAHİBƏ
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, əməkdar jurnalist Mikayıl Nərimanoğlunun apasport.az saytına müsahibəsi

- Azərbaycanda Milli Mətbuat Gününün qeyd olunduğu 22 iyun bu il bazar gününə düşdüyündən, jurnalistlərlə görüş başqa tarixdə keçirilməli idi. Bu mənada AFFA-da keçirilən tədbirin iyulun 17-də keçirilməyi təsadüf idi, yoxsa?
- Mən öncə Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri bir daha təbrik edirəm. Bu, jurnalistlərin il ərzində ən xoş günlərindən biridir. Çünki peşə bayramlarını qeyd edirlər. Bütün sənət sahibləri, o cümlədən, jurnalistlər peşə bayramlarında qürur hissi keçirirlər və bu, onlar üçün əlamətdar bir gündür. Bildiyiniz kimi, biz bunu həmişə qeyd edirik və AFFA-nın jurnalistlərlə müxtəlif yerlərdə görüşlər keçirib, onları təbrik etməyi artıq ənənəvi hala çevrilib. Tədbirin bu tarixə salınmağı heç də təsadüfi deyil. Biz jurnalistlərlə avrokubok oyunlarından öncə görüşürük. Bu, 3 il öncə “Qarabağ”ın Avroliqada oynadığı zamanı olmuşdu. İndiki bayram bazar gününə düşdüyündən, jurnalistlərlə görüş üçün bir sərbəst vaxt müəyyənləşdirmək istədik və iyulun 17-ni seçdik. Mənə elə gəlir ki, bu da çox uğurlu bir gündür. Bu, təkcə peşə bayramı deyildi, eyni zamanda jurnalistlərlə bir fikir mübadiləsi idi.

- Təkcə AFFA rəsmisi kimi yox, jurnalist kimi Azərbaycan mediasının hazırkı vəziyyətini necə dəyərləndirərdiniz?
- Mən AFFA-da hər hansı bir məsələyə münasibət bildirəndə, bunu həmişə 2 mövqedən edə bildiyimi deyirəm: həm departament rəisi, həm də jurnalist kimi. Adətən belə məsələlərdə daha çox müstəqil jurnalist kimi münasibətimi bildirirəm. Çünki bu, işin xeyrinədir. Bu gün Azərbaycan mətbuatı xeyli inkişaf edib. Söhbət idman mətbuatından gedir: 7 il əvvəl 2-3 qəzet vardısa, internet saytı yox idisə, televiziyalarımız yalnız xəbərləri yetərli sayırdısa, artıq bu gün nə qədər saytın olduğunu görürük. Mətbu orqanların sayı artıb, televiziyalarda artıq futbol verilişləri yaranıb. Bunun özü çox böyük uğurdur və futbolun təbliği istiqamətində bizə çox böyük dəstəkdir. Futbolun inkişafı ilə bağlı dövlət proqramında təbliğat konkret göstərilib. Bu mənada mətbuatın rolunu həmişə yüksək qiymətləndiririk. Bu, həm təbliğat, həm də nöqsanların aşkar edilməyi baxımındandır. Bu gün mətbuata baxanda daha çox təbliğat üstündə qurulduğunu görürük. Tənqidlər var, çoxdur, ancaq tənqidi yazılar yoxdur. Mən daha çox tənqidi yazıların olmağını arzulayardım. Çünki bu yazılar inkişafımıza təkan verir. Tənqid obyektiv olmalıdır. Mən medianın AFFA-dakı nümayəndəsiyəm və bütün tənqidləri araşdırırıq, yazıları təhlil edirik. Bundan sonra rəhbərliyə məlumat verirəm ki, bəli, filan sahələrdə nöqsanlarımız və filan mətbuat orqanları bunu işıqlandırıb. Bu da normaldır və mən çox şadam ki, AFFA rəhbərliyi buna konkret reaksiya göstərərək, müvafiq departamentlərə təşkilati məsələlərdə çatışmazlıqların aradan qaldırılmağı ilə bağlı öz tapşırıqlarını verir.

- Konkret misallar çəkə bilərsiniz?
- Bəli. Bizdə aşağı liqaların oyunları “Dalğa Arena”nın yardımçı meydançasında keçirilir və bir gün saytların birində baxdım ki, uşaqlar paltarlarını dəyişərkən, soyunub-geyinmə otağından deyil, oturacaqların üstündən istifadə edirlər. Bu, neqativ haldır və artıq rəhbərliyə təqdim olundu. O da aidiyyatı departamentə tapşırığını verəndən sonra bu nöqsan aradan qaldırıldı. Biz süni örtüklü meydançaları təmənnasız istifadəyə veririk. Ancaq bəzən qazanc məqsədilə, yaxud meydançaları müxtəlif vaxtlarda özləri istifadə etmək məqsədilə qapıları bağlayırlar. Təbii ki, biz 100-dən artıq meydançanın hər birinə adam qoya bilmərik. Mətbuatın bu sahələrdə olan tənqidindən nəticə çıxarırıq. Milli komandamızın bəzi üzvləri istirahət hüququndan qeyri-səmərəli, peşəkarlığa uyğun olmayan şəkildə istifadə etmələri haqda məlumatı mətbuatdan alırıq. Yəni mətbuat bizim üçün bir növ silahdır. Mətbuat Departamentinin rəisi üçünsə medianın tənqidi yazıları son dərəcə önəmlidir.

- Ancaq digər tərəfdən, mətbuat xidmətinin rəhbərləri fikirləşə bilər ki, nə qədər tənqid az olarsa, başım bir o qədər dinc olar. Çünki tənqid çox olanda, rəhbərlik səviyyədə sizə söz gələ bilər...
- Əgər rəhbər demokratik düşüncəlidirsə, obyektiv tənqidə görə heç bir mətbuat orqanına söz gələ bilməz. Əksinə, obyektiv tənqid mətbuatın və mətbuat xidmətinin rolunu yüksəldir. Bizim o qədər işlərimiz var və təbii ki, tənqid ola bilər. İş olan yerdə tənqid olmalıdır. Tənqidi bilməliyik ki, ondan nəticə çıxardaq. Əgər saytda uşaqların oturacaqların üstündə paltarlarının soyunduğunu görməsəydik, bu, bəlkə də 1 il davam edəcəkdi. Biz bunu görüb, aradan qaldırırıq. Şəxsən mənim üçün obyektiv tənqidin yazılmağı AFFA-ya, Azərbaycan futbolunun inkişafına xeyirlidir.

- Tənqidi yazıların olduğunu desəniz də, bunlar yetərincə çoxdur və daha çox saytlarda olur. Siz bunu obyektiv yox, qərəzli tənqid sayırsınız?
- Biz bunu təhlil edirik. Baxırsan ki, bəli, bu, tənqiddir. Bir də var ki, bu, qərəzdir. Misal üçün, ötən millimizin Avstriyada oyununu Lənkəranda keçirmək istəsək də, ot örtüyü qənaətbəxş olmadığı üçün “Dalğa Arena”da keçirdik. Matçdan sonra tənqidlərlə rastlaşdıq və onların hamısını təhlil etdik. Yolun uzaq olmağı, tıxacı qeyd etmişdilər. Ancaq belə götürəndə, xarici ölkələrdə də beynəlxalq oyunların keçirildiyi stadionlar uzaqda olur və özünüz gedib bunu görmüsünüz. Bəzən 1 saat yol gedirsən.

- Mətbuatda əsas tənqidlər “Dalğa Arena”nın şəhərdən uzaq olmağı və bunun da azarkeş sayına öz mənfi təsirini göstərməyi ilə bağlıdır...
- Gəlin, belə danışaq. Bizim klublar da orada oyunlarını keçirir. Hansınızsa bu tənqidi eşitmisiniz? Bəs niyə millidə tənqid olur, klublarda yox? Bilirik ki, hazırda Bakıda beynəlxalq oyun keçirməyə stadionumuz “Dalğa Arena”dır. Düzdür, AZAL-ın da stadionu var. Bildiyiniz ki, Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlanıb, “Şəfa” stadionunun qazonu dəyişdirilir. Yeganə stadion “Dalğa Arena”dırsa, onda niyə biz bunu tənqid etməliyik ki? Axı elə şeylər var ki, bu, bizlik deyil, UEFA-nın oyunlarıdır. Deməli, bu tənqid qərəzlidir. Əgər “Dalğa Arena” və Lənkəran stadionu olmasaydı, alternativ variant kimi qonşu ölkələri seçməli idik. Çünki ölkəmizdə beynəlxalq oyun keçirmək üçün başqa stadion yoxdur. Biz problemin kökünü qoyub, ona başqa şəkildə yanaşaq – bu, düzgün deyil. Tənqid olmalıdır, ancaq obyektiv şəkildə. Bu vəziyyətdən çıxış yolu kimi 8-ci kilometrdə, Bayılda tikilən yeni stadionları göstərmək olar.

- Onlar məsafə baxımdan daha yaxın stadionlardır...
- Bəli. Məsələnin kökünü biz də bilirik. Ancaq bunu birtərəfli şəkildə yazmaq – bu, artıq tənqid xatirinə tənqiddir.

- AFFA-nın millinin səfər oyunları zamanı media qurumları arasında ayrı-seçkilik etməyi də böyük müzakirə obyektinə çevrilib. Bununla bağlı strategiyanız açıqlayardınız və gələcəkdə məsələni necə tənzimləmək fikrindəsiniz?
- Bizim bununla bağlı strategiyamız hələ 2008-ci ildən müəyyənləşib. Bu strategiya özünü doğruldur və o yolla da gedəcəyik. Bu məsələ mətbuatın açıq müzakirəsinə verilib. Öncə hər bir qəzet və saytın reytinqi hesablanır. Bunun üçün müxtəlif meyarlar var. Əsas obyektivlikdir ki, bu, əsas şərtdir. Desək ki, AFFA-nın stəkanında su içirik, bunu 3 nəfər oxuyacaq. Ancaq yazsaq ki, guya AFFA-nın stəkanında spirtli içki içirik, bu, qeyri-obyektivlik və sensasiyadır. Bununla reytinq lazım deyil. Bundan əlavə, operativlik, işgüzarlıq, məsuliyyət, tənqid, təhlil vacibdir. Əgər tanınmış adam yazanda ki, filankəs AFFA-da işə düzələcək, yaxud AFFA prezidenti gedir, başqası gəlir, əlbəttə, bunlar qeyri-obyektiv, sensasiya doğuran məlumatdır. Təbii ki, mövzu reytinqi qaldırır, ancaq bu, obyektiv deyil. Hesablamada 2-ci onlayn gedişin izləyicilərinin sayıdır ki, bu da vacibdir. “Xəzər Lənkəran”ın Estoniyadakı səfər oyunu televiziya ilə yayımlanmadığı üçün bütün informasiya mənbəyi internet portalları olmuşdu. Biz həmin vaxt 17 yaşlı qızlardan ibarət yığmamızın Bolqarıstanla yoldaşlıq görüşü ilə əlaqədar rəhbərliklə birgə Qəbələdə idik və mən özüm Lənkəran klubunun matçı gedə-gedə monitorinq keçirdim. Bunun nəticəsini hər bir jurnalistin öhdəsinə buraxıram. Onların hər biri görə bilər ki, onlaynda izləyicilərin sayı nə qədərdir. Nəticələrə əsasən deyə bilərəm ki, 2008-ci ildən olan strategiyamızın düzgün olduğu təsdiqləndi və bu sistemlə işimizi davam etdirəcəyik. Hansı reytinqli sayt, qəzet varsa, onunla əməkdaşlıq etməyə hazırıq. Bizi nə maraqlandırır? Futbolun təbliğatı. Bunun üçün kimin imkanı genişdir, biz onunla əməkdaşlıq edirik.

- Razılaşaq ki, hazırda internet mətbuatda aparıcı rola malikdir. Ancaq mətbuatda digər vasitələr – qəzetlər, televiziyalar ki, bununla bağlı strategiyanızı necə qurursunuz?
- Televiziyalarla bağlı ayrıca strategiyamız var. Hansı kanal oyunlarımızı canlı yayımlayırsa, onu öz hesabımızı səfərlərə aparırıq. Onu da qeyd etmək istərdim ki, hər hansı mətbu orqanını səfərə aparmaq AFFA-nın öhdəliyi deyil. Sadəcə, biz futbolumuzun digər sahələrin inkişafı üçün yaradılan şəraitlə bərabər, mətbuatın da inkişafını istəyirik. Hansı ki, bizim işimiz də deyil. Ancaq bu inkişafın paralel getməyini istəyirik və ona görə də əməkdaşlıq edirik. Saytlardan fərqli televiziyada şərait tam başqadır və onların maddi imkanları yaxşıdır. Ancaq reallıqdan danışsaq, saytlarımızda elə bir imkan yoxdur ki, hər hansı əməkdaşını mütəmadi səfərə göndərsin və xərcini ödəsin. Bəzi saytlarla qarşılıqlı əməkdaşlıq edirik. Əməkdaşlıqla bağlı demək olar bütün televiziya rəhbərləri ilə mütəmadi görüşlərimiz olur. Əgər onlar futbolun təbliği üçün milli komandanın oyunlarına bilet satışının anonslarından tutmuş yayıma qədər, reklam çarxlarının, hər hansı kadrların göstərilməyində bizə köməkliklərini göstərilərsə, öz dəstəklərini verirlərsə, biz onlarla əməkdaşlığa həmişə hazırıq. Onların əməkdaşları üçün birbaşa mənbədən informasiya almaq üçün hər cür şərait yaradırıq. Yəni əməkdaşlıq qarşılıqlı olmalıdır. Onu qeyd etmək istərdim ki, ANS kanalı ilə 20 aydan artıqdır bizim əməkdaşlığımız var. Əgər televiziya bizim bilet satışı ilə bağlı anonsu reklam qiymətinə verirsə, bizə güzəşt etmirsə, onunla nəyə görə əməkdaşlıq aparmalı, səfərlərinə pul ödəməliyik? Qəzetlərdə isə əməkdaşlıq tam başqa cürdür. Onların da maddi imkanlarının elə də yaxşı olmadığını bilərək, əməkdaşlarını səfərə aparılmağına imkan yaradırıq. Konkret olaraq “Futbol+”, “Çempion” qəzetlərini misal göstərə bilərəm. Bəzi qəzetlərə müraciət etmişik və onların əməkdaşlarının iştirak etməmələrinin səbəblərini özləri bilir. Burada da reytinq və obyektivlik olmalıdır. Ancaq bizdə bəzən tənqid əvəzinə təhqir olur.

- Yəni jurnalist sizinlə səfərə getsin və obyektiv tənqid etsin, bunu qəbul edirsiniz...
- Bəli. Saytınızla əməkdaşlığımızın xeyli tarixi var və sizinlə tənqidlə bağlı heç bir mübahisədə olmamışıq. Komanda uduzursa, tənqid olmalıdır. Ancaq obyektiv. 10 dəfə məşqçi tənqid edəndə, heç olmasa 1 dəfə futbolçu tənqid olmalıdır. Bütün günahı bir futbolçunun üzərinə yıxmaq da düzgün deyil. Milli komandaların reytinqini müzakirə edəndə, orda mətbuat xidməti tənqid olunur. Qonşu Avropa ölkələrini götürüb, onların saytı ilə AFFA-nın saytını, video portalını, internet televiziyasını müqayisə edək, görək hansı səviyyədədirlər? Mən sizə konkret deyə bilərəm ki, AFFA-nın mətbuat xidmətinin işi UEFA-da ilk 4-5 ölkə səviyyəsindədir. Belə olmasaydı, UEFA media ilə bağlı seminarı Azərbaycanda keçirməzdi. Bu, 2008-ci ildə Bakıda keçirildi və 43 ölkənin federasiyasının mətbuat xidmətinin rəhbərləri iştirak etdi. Bir gün təqdimat AFFA-nın saytı ilə bağlı oldu. FİFA-nın razılığı ilə UEFA ilə birgə Bakıda keçirilən media seminarında AFFA-nın saytı, video portalı müzakirə obyekti oldu. AFFA-nın video portalı UEFA-nın monitorinqində yüksək nəticə qazandığına görə 100 min avro qrant aldı. UEFA heç nəyə pul ayırmır. O, bunu konkret layihənin icrasına edir. Belə olmasaydı, UEFA-nın media seminarlarında AFFA-nın video portalı ilə televiziyası müzakirə obyekti olmazdı.

- Mətbuatın əsas tənqidlərindən biri də millimizin baş məşqçisi Berti Foqtsla bağlı olur. Maraqlıdır ki, almaniyalı mütəxəssis bu zaman narazılığını AFFA-nın media rəhbəri kimi sizə bildirirmi? Ümumiyyətlə, onun azərbaycanlı jurnalistlərlə bağlı fikri necədir?
- Konkret demək lazımdır ki, Foqts informasiyanı tək məndən almır. Onun özünün digər informasiya mənbələri var. Elə olur ki, hər hansı yazını mən də bilirəm, Foqts da. Bu, ikimizdə də eyni vaxtda olur. Adi bir faktı deyim ki, Finlandiya ilə səfər oyunundan əvvəl Foqtsdan müsahibə aldım, sayta yerləşdirdim, düşdüm nahara. Mən nahardan çıxanda, Foqts internetdə gedən fikrini alman dilində mənə göstərdi. Yəni Almaniyadan yazıb göndəriblər ki, sən müsahibə verib, belə bir fikir söyləmisən. Deməli, 1 saat ərzində bizim sayta yerləşdirilərək, informasiya yayılıb, Foqtsa çatdırılıb. O, müstəqil şəxsdir və elə vaxt olur ki, özü qərar verir. Təbii ki, almanlarla bizim mentalitetdə fərq var. Mən Foqtsa deyirəm ki, bizdə mətbuat azadlığı var, bunun üçün tam şərait yaradılıb. Ola bilər ki, hansısa məsələdə fikir ayrılığımız olsun. Tənqidə gəlincə, bununla əlaqədar Foqtsla fikir ayrılığımız dəfələrlə, demək olar, hər səfərdə olur. Bu, artıq reallıqdır. Uduzuruqsa, tənqid olunmalıyıq da. Əgər uduzsaq və bizi tərifləsələr, deməli, artıq bizi ələ salırlar. Baş məşqçi də bilməlidir ki, bizim mətbuat aqressivdir və uduzanda, belə nöqsanlara göz yummur. O, hansı ölkədə işlədiyini bilməli və bizdə mətbuatın səhvləri bağışlamadığını dərk eləməlidir. Foqts deyir ki, beynəlxalq oyunlarda rəqib səhvləri bağışlamır. Mən də deyirəm ki, bizdə də mətbuat məğlubiyyəti bağışlamır.

- Təbii ki, Foqtsun qələbələri çox olsa, ona tənqidlər azalacaq...
- Ancaq bu tənqidlər də obyektiv olmalıdır. Foqtsun da mətbuatla bağlı gileyi odur ki, mənim əlimdə beynəlxalq təcrübəsi olan futbolçu yoxdursa, mən nə etməliyəm, niyə mətbuat bunu yazmır? Niyə mətbuat yazmır ki, Azərbaycan yığmasının əsas heyət üzvlərinin heç biri ölkə xaricində ortabab klublarda oynamır? Foqts deyir ki, mənim əlimdə olan budur. O da, AFFA da çalışır ki, futbolçularımız beynəlxalq təcrübə toplasın. Ancaq sonda qərarı Foqts verir.

- Gələcək planlarınız necədir?
- Saytımızda bir sıra yeniliklər nəzərdə tutulub və yaxın zamanda bunların şahidi olacaqsınız. İnformasiyanı daha yaxşı, operativ əldə etməklə bağlı layihələrimiz var. Videoportal öz yolundadır, AFFA TV-nin fəaliyyətini bir az da genişləndirmək planımız var. Bu il Azərbaycanda keçiriləcək dünya çempionatı bizim media üçün yeni bir arena açdı.

- Bu, jurnalistlərimiz üçün yeni bir təcrübə olacaq...
- Bəli. Artıq burada mətbuatın rolu görünəcək. Mən dünya çempionatı çərçivəsindən baxanda, Azərbaycan mətbuatını çox aciz görürəm. Bu gün mətbuatımızda ən yaralı yerlərdən biri öz-özünü tənqid etməməkdir. Hakimlərimizi, hakim-inspektorlarımızı beynəlxalq səviyyədə az oyun aldıqlarına görə tənqid edirik. Bu da ingilis dilini mükəmməl bilməməyinə görədir. Bəs niyə Azərbaycanın media əməkdaşları UEFA və FİFA nümayəndələri kimi oyuna getmir? AFFA rəhbərliyi xeyli vaxtdır bununla bağlı müzakirə aparır və bununla bağlı strategiyamız var. Biz bu istiqamətdə çalışırıq və dünya çempionatı bizə yol açır. Bu turnirlə bağlı bizə monitorinq keçirməyə gələn FİFA-nın media nümayəndələri dünyanın müxtəlif ölkələrindəndir, hətta Gürcüstandan var. Bu gün azərbaycanlı jurnalistlərdən heç kim UEFA media nümayəndəsi getmir ki, bu da Azərbaycan mətbuatının yaralı yeridir. Bu da əsasən ingilis dili ilə bağlıdır və biz də bunun üzərində çalışırıq. AFFA rəhbərliyinin vəsaiti hesabına jurnalistlər üçün ingilis dili kursları təşkil olunacaq.

- Dünya çempionatının işıqlandırılmağında Azərbaycan mediasının rolunu necə görürsünüz?
- Biz bu sahədə hər an problemlə üzləşirik. Azərbaycanda beynəlxalq oyunları keçirmək təcrübəsi baxımından 17 yaşadək qızlardan ibarət yığmaların dünya çempionatı növbəti turnirlərə ev sahibliyi üçün bir tramplindir. Ancaq bu sahədə ən böyük çətinliyimizin biri mediadır. Azərbaycan jurnalistinin qabiliyyəti, bacarığı, dünyagörüşü, baxışı heç də başqalarından əskik deyil. Sadəcə, bizim əməkdaşların ingilis dilində mükəmməl danışmaq, yazmaq və oxumaq bacarığının olmamağı qarşımızı kəsir. Oyunlar keçiriləcək stadionların hər birində media, televiziya və kommunikasiya əməkdaşı olmalıdır. Onlar ingilis dilində mükəmməl bilməlidir ki, birbaşa FİFA-nın nümayəndələri ilə əlaqədə olsunlar. Bu sahədə çox problemimiz. Birincisi, bizdə ingilis dili ilə bağlı tələblərə cavab verən jurnalistlər olsa da, azdır. İkincisi, onları iş yerlərindən buraxmırlar ki, gəlib bizə dünya çempionatında kömək etsinlər. Jurnalistin iş yeri var. O, oradan çıxıb, Təşkilat Komitəsində çalışmalıdır.

Bildiyiniz kimi, UEFA qrup oyunlarına mətbuat nümayəndəsi göndərir. Məni təəssüfləndirən məqamlardan biri budur ki, AFFA-dan beynəlxalq oyunlara hakim, hakim-inspektor, UEFA nümayəndəsi və başqa sahələri təmsil edənlər gedir, yalnız media nümayəndəsi yox. Bu, ümumi problemdir və bütün bu çatışmazlıqların aradan qaldırılmağı ilə bağlı planlarımızı, layihələrimizi həyata keçirmək fikrindəyik.

Mehman SÜLEYMANOV