“Xəzər Lənkəran”la “İnter” üçün 3-cü eyni nəticə
20.07.2012 - 12:41
“Xəzər Lənkəran”la “İnter” üçün 3-cü eyni nəticə
Azərbaycanın Avroliqada təmsilçiləri olan “Xəzər Lənkəran”la “İnter” klublarının II təsnifat mərhələsində ilk oyunlarında etdikləri 1:1 hesablı heç-heçə onlar üçün yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, bu komandaların hər ikisi qitə miqyaslı turnirində 3-cü dəfə bu nəticəyə imza atmışdılar.

“Xəzər Lənkəran” 2007-ci ildə Çempionlar Liqasının I təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə Bakıdakı ilk oyunda da hesabı açsa da, sonradan buraxdığı qolla 1:1 hesablı bərabərliyə qalmışdı. Cənublular 2-ci dəfə bu hesaba 2010-cu ildə Avroliqada Moldovanın “Olimpiya” klubu ilə Lənkərandakı cavab oyununda imza atmışdı. Hər iki halda, lənkəranlılar mərhələ adlaya bilməmişdi.

“İnter” isə hər iki 1:1-ə 2008-ci ildə Çempionlar Liqasında edib. Bu, əvvəl I mərhələdə Makedoniyanın “Rabotnişki” klubu ilə səfərdə olaraq, ”bankirlər”ə tarixində ilk dəfə mərhələ keçməyə imkan vermişdi. Çünki Bakıdakı oyun 0:0 hesabı ilə nəticələndiyindən, komandamız rəqib meydanında vurduğu qol hesabına növbəti mərhələyə adladı. Növbəti rəqib olan Serbiyanın “Partizan” klubu ilə Bakıdakı ilk matç 1:1 hesabı ilə nəticələndi. Ancaq bu dəfə həmin nəticə düşərli olmadı və Belqraddakı cavab oyununda 0:2 hesabı ilə uduzan “İnter” mübarizəni dayandırdı.

Qeyd edək ki, “Xəzər Lənkəran”la “İnter” Polşanın “Lex” və Yunanıstanın “Asreras” klubları ilə səfərdəki cavab oyunlarını iyulun 26-da keçirəcəklər.