“Xəzər Lənkəran” Poznana yollanır
22.07.2012 - 23:06
“Xəzər Lənkəran” Poznana yollanır
Ölkəmizi Avropa Liqasında təmsil edən "Xəzər Lənkəran" Polşa səfərinə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, "Nomme Kalyu"nu mübarizədən kənarlaşdırdıqdan sonra ikinci təsnifat mərhələsinin ilk oyununda "Lex"lə heç-heçə qalan komanda dünən məşqlərini bərpa edib. Bu barədə əməkdaşımızla söhbətində klubun icraçı direktoru Höccət Hacıyev məlumat verib.

O bildirib ki, komanda bu gün Polşaya gedəcək. Klub səfər oyunu üçün 120 nəfərlik təyyarə sifariş verib. Bakı vaxtıyla saat 15:00-da çarter reysi ilə yola çıxacaq klub son məşqlərini də məhz Poznanda keçəcək. Jurnalistlərin və bir sıra azarkeşlərin də komandanı iyulun 26-da baş tutacaq cavab oyununda tək qoymayacağı dəqiqdi.

"Lex" isə cavab oyunu öncəsi yoxlama matçı keçirəcək. Polşalılar bu gün Kiprin "Olimpiakos" klubu ilə qüvvəsini sınayacaq.