“Neftçi” növbəti mərhələnin bir addımlığında
23.07.2012 - 11:43
“Neftçi” növbəti mərhələnin bir addımlığında
Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, “Neftçi” Gürcüstanda “Zestafoni” ilə səfər matçında mərhələ adlamaq vəzifəsini yerinə yetirməlidir. Hər halda, ilk oyunda 3:0 hesablı qələbədən sonra komandamızın şansı çox yüksəkdir və III mərhələnin bir addımlığındadır.

Bakılılar evdə əsas vəzifəni – qol buraxmadan böyük hesabla qalib gəlməyi gerçəkləşdirdi. Yəni rəqib öz meydanında 4:1, 5:2 və sair kimi belə 3 top fərqli qələbə qazansa, mərhələ keçə bilməyəcək. Çünki bu halda, 2 oyunun ümumi nəticəsi bərabər olarsa, səfərdə qol vuran komanda cütün qalibi olacaq. Deməli, “Neftçi” səfərdə 1 qol vursa belə, işini xeyli rahatlaşdıracaq.

Ancaq təbii ki, çempionumuz qonşu ölkəyə cavab matçında da qalib gələrək, mərhələ adlamaq üçün gedir. Çünki bu halda, Azərbaycanın UEFA reytinqində hesabına 0,250 xal yazılacaq. Heç-heçə isə 0,125 xal kimi qiymətləndirilir. Deməli, Gürcüstanda həm mərhələ keçmək, həm də ölkəmizin reytinqini artırmaq üçün imkan var.

Bakıdakı nəticəyə baxmayaraq, cavab oyununu formal sayıb, arxayınlaşmaq olmaz. Əks təqdirdə bunun acısını çəkə bilərsən. Futbolda gözlənilməz nəticələr az olmur və səfərdə oynayacağımızdan, rəqib doğma meydan amili, azarkeş dəstəyindən maksimum yararlanmağa çalışacaq. Özü də “Zestafoni” təkrar matçı ölkəsinin başqa yox, eyniadlı doğma şəhərində keçirir.

“Neftçi” sabah mərhələ keçəcəyi halda, növbəti rəqibini də biləcək. Belə ki, ötən cümə UEFA-da atılan püşkə əsasən bu, “Hapoel” (İsrail) – “Jilina” (Slovakiya) cütünün qalibi olacaq. Slovakiyada keçirilən ilk oyunda “Jilina” 1:0 hesabı ilə qalib gəldiyindən, daha şanslıdır. Ancaq cavab oyununun gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir və evdə yaxşı oynayan İsrail klubu 2 top fərqi ilə qalib gəlməklə, mərhələ adlamış olacaq. “Neftçi” üçün önəm kəsb edən bu matç Bakı vaxtilə 00:30-da başlayacaq.

Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunu


24 iyul

22:00. “ZESTAFONİ” (GÜRCÜSTAN) – “NEFTÇİ” (AZƏRBAYCAN)
Baş hakim: Artyom Kuçin (Qazaxıstan)
Zestafoni. David Abaşidze adına stadion
İlk oyun – 0:3