Fərid Quliyev: Onun dilini də bilmirəm...
23.07.2012 - 13:12
Fərid Quliyev: Onun dilini də bilmirəm...
“Sumqayıt”la yollarını ayıran Azərbaycan milli komandasının sabiq futbolçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi

- Mövsümlərarası fasilədə böyük ümidlərlə “Sumqayıt”a keçsəniz də, növbəti çempionat başlamamış gedəsi oldunuz...
- Bir neçə gündür məşqlərə başlamışdıq. Türkiyəyə təlim-məşq toplanışına getməyə hazırlaşırdıq. Sadəcə, elə oldu ki, rəhbərliklə söhbətləşdik və ikitərəfli razılıqla müqavilə pozuldu və mən indi klubsuzam.

- Müqaviləni ikitərəfli pozmusunuzsa, bunun üçün ciddi səbəb olmalıdır...
- Bunun özümüz – klub rəhbərliyi ilə mən bilirik. Bu, öz aramızda qalsa, daha yaxşı olardı.

- Müqaviləni pozulmağının təşəbbüskarı siz oldunuz?
- Hər iki tərəfdən.

- Bəlkə problem almaniyalı baş məşqçi Bernard Raabla ilə bağlı idi?
- Bu baxımdan heç bir problem yox idi. Məşqə gedib-gəlirdim. Nə təlim-məşq toplanışı olurdu, nə də bir şey. Toplanışa gedirdik və 1 gün qalmış belə qərara gəldik.

- Elə məşq prosesində də çalışdırıcı ilə futbolçu arasında insident ola, o, oyunçunun hazırlıq səviyyəsindən razı qalmaya bilər...
- Belə bir şey olmayıb. Sadəcə, gündə 2 dəfə məşqlərlə kifayətlənirdik. Dilini də bilmirik ki, aramızda hər hansı narazılıq olsun.

- Raabın tərcüməçisi var ki, futbolçular onun vasitəsilə ünsiyyət qurulur. Bu zaman sözünüzün düz gətirməməyi mümkündür...
- Məşqlərimiz əsasən qaçış üzərində qurulmuşdu. Elə bir söhbətimiz olmayıb ki, sözümüz çəp gəlsin.

- Onda belə çıxır ki, müqavilə, maddi məsələlərdə fikir ayrılığı yaranıb?
- Müqaviləni pozmağımız klub daxili məsələdir.

- Növbəti mövsümün startına az qaldığını nəzərə alsaq, özünüzə yeni komanda tapmaq çətin olacaq...
- Bəli. Fasilə müddətində variantlarım arasında “Sumqayıt”ı seçdim və burada böyük ümidlərim vardı. Ancaq elə oldu ki, bu komandada çıxışım alınmadı və çempionata 10 gün qalmış gedəsi oldum. Qismət belə imiş.

- “Transfer pəncərəsi” avqustun 31-də bağlanacaq ki, buna hələ xeyli vaxt var. Sadəcə, məsələ ondadır ki, klublarımız artıq heyətlərini komplektləşdirmələri sizə əlavə çətinlik yaradacaq...
- Əlbəttə ki. Çünki xeyli variantlarım var idi və mən onlardan istifadə eləməyərək, “Sumqayıt”a keçdim. İndi isə komandaların demək olar hamısı təlim-məşq toplanışındadır və bu baxımdan komanda tapmağımızın çətin olacağını düz deyirsiniz.

- Buna görə də belə qərar qəbul etməkdən öncə ciddi götür-qoy etməli idiniz...
- Artıq olub və geriyə boylanmağın mənası yoxdur.

- Həmin klublardan imtina edib, “Sumqayıt”a seçdiyinə, indi də vəziyyətin belə olduğuna görə peşman deyilsiniz?
- Yox. Bu, qismətdir. Bilmək olmaz ki, başqa kluba getsəydim, orda nə ola bilərdi. Mən elə fikirləşirəm ki, qismətdən qaçmaq olmaz.

- Gələcək karyeranızı necə görürsünüz? Nə perspektiv, nə variantlar var?
- Düzünü desəm, hələ bilmirəm. Dediyim kimi, komandaların çoxu xaricdə təlim-məşq toplanışındadır. Gərək tanış agentlərlə məsələni danışıb, harda variant varsa, ora gedim. Ancaq hələ ki bir şey yoxdur.

- Ola bilərmi ki, qışa kimi klubsuz qalasınız?
- Hər şey ola bilər. Niyə olmasın? Maraqlanan klub olsa, danışaram. Olmasa, yəqin ki, qışa kimi klubsuz olacağam.

- Əlacsızlıqdan, qışa kimi oynamaq xatirinə istənilən klubun təklifinə razı olacaqsınızmı?
- İndi bir şey deyə bilmərəm. Hələ bu haqda fikirləşməmişəm. Ancaq əlbəttə ki, bir komandada çıxışımı davam etdirməyi istərdim. Kim istərdi ki, çempionata az qalmış belə bir şey olsun?

- Premyer Liqa təmsilçisinə keçməyi fikirləşirsən, yoxsa I divizionda da oynamağa razı olarsınız?
- Həmişə Premyer Liqada oynayan futbolçunun gedib, I divizionda oynamağı düzgün olmazdı. Bu, karyera baxımdan çətinlik olar. Baxaq görək, necə olar. Qismət nədirsə, o da olacaq.

Mehman SÜLEYMANOV
0