Tərlan Əhmədov: Əsas nəticə idi ki, biz buna nail olduq
25.07.2012 - 09:22
Tərlan Əhmədov: Əsas nəticə idi ki, biz buna nail olduq
“Mən əvvəldən demişdim ki, 3:0 hesablı qələbə tam arxayınlaşmağımıza əsas vermir və səfərdə bizə çətin olacağını bilirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib. Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Zestafoni” klubu ilə səfərdə 2:2 hesablı bərabərliyə qalan çempionumuz mərhələ adladı.

Baş məşqçi Böyükağa Hacıyevin səhhətində problem yarandığından, hər 2 oyuna komandanı çıxaran Əhmədov kollektiv futbol oynamağı bacardıqlarını sübut etdiklərini bildirib: “Hərçənd “Zestafoni” yaxşı, rəqibinə yetərincə problem yarada bilən komandadır. İlk hissənin ortasına kimi oyunumuz alınmasa da, sonra hər şey yoluna düşdü və 2 qol vuraraq, hesabı bərabərləşdirdik. Sevinirik ki, növbəti mərhələyə çıxdıq. Əsas nəticə idi ki, biz buna nail olduq”.

Qeyd edək ki, “Neftçi” III mərhələdə İsrailin “Hapoel” (Kiryat Şimona) klubu ilə keçirərək, ilk oyunu iyulun 31-də səfərdə keçirəcək.