ANS: Yayım “Xəzər Lənkəran”dan asılıdı
25.07.2012 - 14:13
ANS: Yayım “Xəzər Lənkəran”dan asılıdı
“Biz “Xəzər Lənkəran”ın “Lex”lə səfər matçını da canlı yayımlamaq istəyirik. Bununla bağlı yayım hüququnun məxsus olduğu Poznan təmsilçisinin rəsmiləri ilə danışığımız da olub. Ancaq yayım çox baha olduğundan, məsələni həll edə bilmirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında ANS telekanalının İdman Departamentinin rəisi Amil Hacıyev deyib.

“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə evdəki oyunu (1:1) ANS-lə canlı yayımlanmışdı.

Təbii ki, azarkeşlər sabah Polşada keçiriləcək cavab matçına da canlı baxmaq arzusundadırlar. Ancaq Hacıyevin sözlərinə görə, “Lex”in istədiyi məbləğ yüksək olduğundan, bunu reallaşdıra bilmirlər: “Məbləği açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, bu məbləğ böyükdür. İndi məsələnin həlli “Xəzər Lənkəran”dan asılıdır. Əgər klub rəhbərliyi yayımın alınmasında maddi köməklik göstərsə, oyunu göstərməyə hazırıq”.

Qeyd edək ki, “Lex” – “Xəzər Lənkəran” matçı Bakı vaxtilə saat 23:00-da başlayacaq.