“Yunanıstana qələbə dalınca gəlmişik”
25.07.2012 - 15:45
“Yunanıstana qələbə dalınca gəlmişik”
Azərbaycanı Avroliqada təmsil edən “İnter”in futbolçusu Tales Şütz klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, hücumçu II təsnifat mərhələsində evdə 1:1 hesabı ilə nəticələnən Yunanıstanın “Asteras” klubu ilə qol vurduğu oyun, cavab matçı haqqında fikirlərini bildirib və digər suallara cavab verib.

- "Asteras"la ilk oyun 1:1 hesabı ilə başa çatdı və artıq sabah komandalar arasında cavab görüşü keçiriləcək. Sizcə, "İnter" növbəti mərhələyə vəsiqə qazana biləcəkmi?
- İlk görüş artıq arxada qalıb və biz Bakıda keçirilmiş oyunun nəticəsini unudub cavab oyuna hazırlaşırıq. "Asteras" çox yaxşı təşkil olunmuş komandadır və biz onlara hörmət edirik. Rəqib həqiqətən də çox güclüdür. Amma hədəfimiz dəyişilməz olaraq qalır, biz qələbə qazanıb növbəti mərhələyə vəsiqə əldə etmək istəyirik. Yunanıstana qələbə ardınca gəlmişik.

- İlk matçda fərqlənməyi bacarmısınız. Necə düşünürsünüz, cavab matçında da "Asteras"ın qapısına yenə yol tapmağınız mümkün olacaqmı?
- Hücumçunun əsas vəzifəsi qol vurmaqdır. Birinci matçda mən bunu bacardım və buna görə çox sevinirəm. Təbii ki, cavab oyununda da qol vurub komandamın qələbəsində pay sahibi olmaq istəyirəm.

- Yunanıstan klubunda yetərincə səviyyəli və təcrübəli futbolçular var. Sizcə, sabahkı matçda bu oyunçulardan hansısı "İnter" üçün daha təhlükəli ola bilər?
- Rəqibin heyətində hansısa futbolçunu fərqləndirmək istəməzdim. Yunanıstan klubunun heyətində oynayan bütün futbolçular yaxşı keyfiyyətlərə malikdirlər. Bu komandanın heyətində çıxış edən hər bir oyunçuya qarşı diqqətlə oynamalıyıq.

-Yeri gəlmişkən, Yunanıstan azarkeşləri hər zaman komandalarını fəal şəkildə dəstəkləyirlər. Sizcə, Tripolis stadionundakı atmosfer "İnter"ə necə təsir göstərəcək?
- Stadiondakı atmosfer bizi qorxutmur, əksinə, daha da stimullaşdırır və motivasiyanı artırır. Biz öz futbolumuzu ortaya qoyub, növbəti mərhələyə vəsiqə əldə etməliyik.