Çətin səfər sınaqları
25.07.2012 - 17:10
Çətin səfər sınaqları
Sabah Avroliqada II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçilərindən “İnter”lə “Xəzər Lənkəran” çətin sınaq qarşısındadır. Belə ki, komandalarımızın hər ikisi cütün taleyinə səfərdə aydınlıq gətirməlidir.

Özü də hər ikisi evdə 1:1 hesablı bərabərliyə qaldıqlarından, işlərini çətinə salıb. Yəni “Asteras”la “Lex”ə mərhələ keçmək üçün evdə qolsuz bərabərlik də yetərlidir. “İnter”lə “Xəzər Lənkəran” öz meydanındakı oyunlarda hesabı açsalar da, tezliklə qol buraxaraq, üstünlüklərini qoruya bilmədi. Bu isə o deməkdir ki, evdə qol buraxdığımızdan, səfərdə mütləq qol vurmalıyıq. Təmsilçilərimizə növbəti mərhələyə çıxmaq üçün 2:2 və daha məhsuldar bərabərliklər sərf edir.

Rəqiblərin müqayisəsində “İnter”in işi nisbətən asandır. Belə ki, “Asteras” avrokubokların debütantıdır və qitə miqyaslı turnirdə ilk ev oyununu komandamızla keçirəcək. “Bankirlər”in bundan əvvəl mübarizədən kənarlaşdırdığı Estoniyanın “Trans” klubu indikindən zəif rəqib olsa da, məhz səfərdə 5:0 hesablı qələbə cütün taleyini həll etmişdi. Yəni “İnter” bunadək rəqib meydanında inamlı təsir bağışlayır. Təsadüfi deyil ki, Kaxaber Sxadadzenin çalışdırdığı komanda 2 il öncə Çempionlar Liqasında həmin “Lex”ə evdə 0:1 hesabı ilə uduzsa, səfərdə eyni hesabla bunun əvəzini çıxa bilmişdi. “İnter” yalnız qalibin adına aydınlıq gətirən oyun sonrası penaltilər seriyasında uduzaraq, mübarizəni dayandırmışdı.

“Xəzər Lənkəran” da bundan əvvəlki mərhələdə - “Nomme Kalyu”nu Estoniyada qazandığı qələbə ilə keçmişdi. Özü də lənkəranlılar onda evdə heç-heçə olmuş, səfərdəki cavab oyununda qalib gəlmişdi. Yəni təmsilçilərimiz işləri özlərinə çətinə saldıqlarından, rəqib meydanında qələbə qazanmaq bacarıqlarını göstərməlidirlər. Təbii ki, bu, elə hesab olduğundan, oyun əlavə vaxta, hətta penaltilər seriyasına kimi uzana bilər. Bu zaman əsas ağırlıq penalti qaytarmaq bacarıqları olan gürcü Georgi Lomaya (“İnter”) ilə millimizin da əsas qapıçısı olan Kamran Ağayevin (“Xəzər Lənkəran”) üzərinə düşəcək.

Avroliqa, III təsnifat mərhələsi
Cavab oyunları


26 iyul

22:00. “Asteras” (Yunanıstan) – “İnter” (Azərbaycan)
Baş hakim: Lars Kristoferson (Danimarka)
Tripoli. “Asteras Tripolis” stadionu
İlk oyun – 1:1

23:00. “Lex” (Polşa) – “Xəzər Lənkəran” (Azərbaycan)
Baş hakim: Stanislav Todorov (Bolqarıstan)
Poznan. “Munisipial” stadionu
İlk oyun – 1:1
0