Yunis Hüseynov: Mərhələ adlamaq üçün başqa çıxış yolumuz yoxdu
26.07.2012 - 00:45
Yunis Hüseynov: Mərhələ adlamaq üçün başqa çıxış yolumuz yoxdu
"Öncə jurnalistlərin qarşısında üzr istəyirik ki, konfransa 10 dəqiqə gecikdik. Bu, bizdən asılı olmayan səbəblərdən belə alındı. Oyuna gəlincə, bizi çətin bir qarşılaşma gözləyir. "Lex" yüksək səviyyəli komanda olsa da, biz mərhələ keçmək istəyirik". Apasport.az saytının xəbərinə görə, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" klubuna qarşı bu gün keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında fikirlərini bölüşüb: "Biz səfərdə daha yaxşı oynadığımızı deyə bilmərik. Amma Poznanda ən yaxşı oyunumuzu göstərməyə borcluyuq. Mərhələ adlamaq üçün başqa çıxış yolumuz yoxdu. Bilirik ki, "Lex"in yaxşı fanatları var. Elə bizim azarkeşlər də "Xəzər Lənkəran"ı yaxşı dəstəkləyirlər. Odu ki, belə atmosferə alışığıq. Burda bizi nə qədər azarkeşimizin dəstəkləyəcəyini bilmirəm. Bizimlə gələn fanatlarımızın sayı isə 50 nəfərdi".

Hüseynov rəqib komanda haqda bunları deyib: "Lex" baxımlı, komanda futbolu sərgiləyir. Biz artıq özümüz üçün müəyyən nəticələr çıxarmışıq. Çalışacağıq ki, polşalıların güclü tərəflərinin qarşısını alaq və zəif cəhətlərindən yararlanaq. Əminik ki, rəqib meydana hücumameylli heyətlə çıxacaq və erkən qol vurmağa çalışacaq. İnanmıram ki, "Lex" hesabı qorumağa çalışacaq. Baxmayaraq ki, 1:1 hesablı heç-heçə məhz onları qane edir",

Öz komandasının heyətində mümkün dəyişikliklərə gəlincə, Hüseynov bunları söyləyib: "Taktiki planlarımızda dəyişikliklər olacaq. Heyətə gəlincə, bu barədə indi sizə bir söz deyə bilmərəm. Mən heyəti həmişə oyuna 3-4 saat qalmış müəyyənləşdirirəm.

Lənkərandakı oyun vaxtı "Lex"in bəxti gətirdi. Ümid edirəm ki, bu dəfə də bizim bəxtimiz gətirəcək. Biz artıq Polşanın yerli havasına, şəraitinə az-çox uyğunlaşmışıq. Bildiyiniz kimi, Azərbaycan klubları "Lex"lə dördüncü dəfə üz-üzə gəlirlər. Allah eləsin ki, biz bu komanda ilə oyunlardakı uğursuz seriyaya son qoya bilək. Ümidvaram ki, oyundan sonra bizi qələbə münasibətilə təbrik edəcəksiz".