“Elə fikirləşmirəm ki, 1:1 hesabı pis nəticədir”
26.07.2012 - 10:12
“Elə fikirləşmirəm ki, 1:1 hesabı pis nəticədir”
“Qələbə qazanmağa ümid edirik. Komandamızda əhval-ruhiyyə yaxşıdır”. Bunu apasport.az saytının Poznana ezam olunan əməkdaşına “Xəzər Lənkəran”ın futbolçusu Radomir Todorov deyib.

Bolqarıstanlı müdafiəçi bu gün Polşada keçiriləcək Avroliqanın II təsnifat mərhələsinin “Lex”lə cavab oyunu barədə fikirlərini açıqlayıb. Todorov sözlərinə görə, Lənkərandakı oyunda qeydə alınan nəticə növbəti mərhələyə çıxmaq şansını verir: “Mən elə fikirləşmirəm ki, 1:1 hesabı pis nəticədir. Fikrimcə, bu normal hesabdır. Bu gün hər şey sıfırdan başlayacaq. Şanslar bərabərdir, yeni gün, yeni oyun başlayır”.

Bəzi mütəxəssislər “Xəzər Lənkəran”ın ilk matçda buraxdığı qolda Radomirin səhvinin olduğunu bildirirlər. Bəs müdafiəçinin özü bu barədə nə düşünür?: “Hər adamın öz fikri var, mən bu barədə nəsə deyə bilmərəm. Mən düşünmürəm ki, kiminsə səhvi olduğunu demək lazımdır. Komanda qol buraxdıqda bütün hamı günahkardır. Bu yalnız bir adam - tək qapıçı, müdafiəçi deyil”.

O, bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək cavab matçında cütün taleyinin 90 dəqiqədə həll olunmasını istəyir: “Əlavə vaxt və ya penaltilər seriyasının olacağını bir Allah bilir. Allah eləsin ki, 90 dəqiqədə qalib gəlib, irəli gedək. Daha əlavə vaxt və penaltilər seriyasına ehtiyac qalmasın”.