“Hapoel”in avrokuboklarda bizə qarşı oynayan legionerləri
26.07.2012 - 14:14
“Hapoel”in avrokuboklarda bizə qarşı oynayan legionerləri
“Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan İsrailin “Hapoel” klubunun heyətində azərbaycanlı futbolsevərlərə tanış oyunçular var. Apasport.az saytının məlumatına görə, makedoniyalı yarımmüdafiəçi Darko Tasevski ilə serbiyalı hücumçu Duşan Matoviç bunadək avrokuboklarda bizə qarşı çıxış ediblər. Özü də onların hər ikisi 2009-cu ilin yayında “Bakı” ilə Çempionlar Liqasındakı matçlarda oynayıb.

Matoviç Litvanın “Ekranas” klubunun heyətində bakılılarla oyunlarda forma geyib. Evdə 2:2 hesablı heç-heçə edən litvalılar səfərdə uduzaraq, mübarizəni dayandırıb – 2:4. Bundan sonra “Bakı” Bolqarıstanın “Levski” klubu ilə oynadı ki, onda Tasevski ölkəmizə gəlib. Bakıda qolsuz heç-heçə edən Sofiya təmsilçisi evdə qazandığı 2:0 hesablı qələbə ilə növbəti mərhələyə çıxdı.

29 yaşlı Duşan 2011-ci ildə məhz “Ekranas”dan “Hapoel”ə keçib və ötən mövsüm keçirdiyi 27 oyunla çempionluqda böyük rolu olub. Makedoniya yığmasının da üzvü olan 28 yaşlı Tasevski isə İsrail klubuna bu il “Levski”dən gələrək, 1 oyun keçirib.