“Xəzər Lənkəran”da penaltiləri vurmağa hazır futbolçular
26.07.2012 - 19:30
“Xəzər Lənkəran”da penaltiləri vurmağa hazır futbolçular
“Xəzər Lənkəran” Avroliqanın II təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə bugünkü cavab oyununda penaltilər seriyasına hazırdı. Apasport.az saytının məlumatına görə, ilk oyunda evdə rəqibi ilə 1:1 hesablı bərabərliyə qalan lənkəranlılar səfərdəki matçda cütün taleyini müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac olarsa, zərbəni vuracaq futbolçularını müəyyənləşdirib. Bunlar Manuel Skarlatake, Ruslan Abışov, Eder Bonfim, Branimir Subaşiç və Adrian Pitdir.

“Xəzər Lənkəran” avrokuboklarda hələ penaltilərdən istifadə etmədiyi halda, “Lex” bunu elə Azərbaycan təmsilçisi ilə ev matçında edib. Söhbət 2 il öncə Çempionlar Liqasının II təsnifat mərhələsində “İnter”lə Poznanda keçirilən cavab oyunundan gedir. Onda bütün futbolçular, hətta qapıçılar da zərbəni vurmalı olmuşdu. “İnter”in gürcü qapıçısı Georgi Lomayanın şansından yararlanmamağı “Lex”in 11:10 hesablı qələbəsini rəsmiləşdirmişdi.