Sakis Tsiolis: Bu oyunu uzun müddət yadda saxlayacağıq
27.07.2012 - 10:30
Sakis Tsiolis: Bu oyunu uzun müddət yadda saxlayacağıq
“Gərgin və maraqlı oyun idi. Bu qarşılaşmanı uzun müddət yadda saxlayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis deyib.

Avroliqanın II təsnifat mərhələsində evdə “İnter”ə oyun sonrası penaltilər seriyasında qalib gələn (4:2) Yunanıstan təmsilçisi avrokuboklarda debüt mövsümündəcə ilk sınaqdan uğurla çıxdı.

Tsiolisn qazanılan uğuru yüksək qiymətləndirir: “Komandamız üçün tarixi gündür. Debüt ilindəcə yaxşı iz buraxdı və mübarizəni davam etdirir. Hava çox isti olduğundan, oynamaq çətin idi. İlk hissə çox əsəbi keçdi. Bu müddətdə futbolçular yaxşı müdafiə olunmağa və nizam-intizamlı oyuna üstünlük verirdilər. İkinci hissədə hesabda irəli çıxdıq. Əsas vaxtda oyunu qələbə ilə başa vurmaq imkanımız vardı”.

Yunan mütəxəssisin sözlərinə görə, 90 dəqiqədə qalib gəlməməkləri öz günahları üzündən olub: “Futbolda buraxdığın səhvin hesabını verirsən. Rəqib psixoloji planda daha yaxşı idi, topla daha yaxşı oynayırdı. Ancaq yenə də bir neçə əks-hücumda qol vura bilərdik. Bu zaman açıq oyun gedirdi. Futbolçulara dedim ki, siz döyüşə gedirsiniz. “İnter”in oyununu videoyazısını baxıb, təhlil etmişdik. Buna görə də son 2 gündə penaltilərlə üzərində çalışmağa çox vaxtımız getmişdi. “İnter” yaxşı komandadır və ona uğurlar arzulayıram. Biz istəyimizə çatdıq və bu qələbə şəhərimiz, azarkeşlərimiz üçün böyük bayramdır. Onlara dəstəyə görə minnətdarlıq edirik”.

Qeyd edək ki, komandalar arasında hər 2 oyun 1:1 hesabı ilə nəticələnmişdi.