Ramin Musayevdən “Qarabağ”a xəbərdarlıq!
01.08.2012 - 23:02
Ramin Musayevdən “Qarabağ”a xəbərdarlıq!
“Növbəti mövsüm öncəsi klublarımızdan “Qarabağ”la “İnter”də stadion problemi var. “İnter”ə məxsus “Şəfa” stadionu avqustun 20-dək hazır olacaq. “Qarabağ”ın isə Quzanlıda stadionu var, gedib orada oynaya bilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

“İnter”in ev oyunlarını keçirdiyi “Şəfa” stadionunda təmir işləri getdiyindən, komanda növbəti çempionatda ilk 2 ev matçını başqa arenada keçirməli olacaq. “İnter”in avqustun 5-də ilk turda qonağı olacağı “Qarabağ” isə hazırlığını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirir.

Musayev həmin arenada oyun keçirilməyini mümkün saymır: “Orda bu dəqiqə oynamağa imkan yoxdur. Çünki stadion hələ hazır deyil. Hələlik bizə müraciət olunmayıb ki, kim harada oynayacaq”.

“Qarabağ” təmsil etdiyi Ağdamdakı Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda son 3 ildə ev oyunlarını keçirsə də, növbəti mövsümdə rəqiblərini paytaxtda qəbul edəcəyi gözlənilir. PFL prezidenti bildirib ki, klub onlara təqdim etdiyi sifariş vərəqində Quzanlını birinci stadion kimi göstərməsə, ikinci kimi qəbul olunmayacaq: “Məsələn, “Qarabağ” əsas stadion “Tofiq Bəhramov”u, ikinci Quzanlını göstərsə, mən onu qəbul etməyəcəyəm. Əksinə göstərsə, qəbul edərəm. Təbii ki, komanda oyunlarını birinci göstərdiyi stadionda oynamalıdır”.