Rəşad Sadıqov: Onların necə əziyyət çəkdiklərini bilirəm - MÜSAHİBƏ
01.08.2012 - 23:05
Rəşad Sadıqov: Onların necə əziyyət çəkdiklərini bilirəm  - MÜSAHİBƏ
“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Türkiyə toplanışı necə keçdi?
- Son 3 ildə edə bilmədiyimiz hazırlıq prosesi keçdik. Yoldaşlıq oyunlarında gücümüzü sınadıq. Tam da olmasa, çempionata hazırıq. 3-4 oyundan sonra tam formada olacağıq. AZAL və “Göztəpə” ilə oyunlar istisna olmaqla, bütün qarşılaşmalarda qələbə qazandıq.

- Rəqibləriniz güclü komandalar idi?
- Zəif deyildilər. Oyunlar da pis keçmədi. Amma bu da faktdır ki, tam gücümüzlə oynaya bilmədik, oynaya da bilməzdik. Çünki hazırlıq çərçivəsində fiziki yükləmələr oldu. Hansı ki, son 3 ildə bu yükləmələrə həsrət qalmışdıq. Yaxşı toplanış keçə bilmirdik. Bu dəfə məşqçilər planlarını tam şəkildə həyata keçirdilər. Ona görə də yoldaşlıq görüşləri çərçivəsində əsasən son 2 matça xüsusi diqqət yetirildi. Sanki çempionata çıxırdıq. 90 dəqiqə meydanda olduq. Hər şeyin qaydasında olduğunu deyə bilərəm.

- “Traktorsazi” ilə oyunda hansısa yaxınlıq, doğmalıq hiss olunurdumu?
- Təbii ki, görüşdən əvvəl bununla bağlı söhbət aparmışdıq. Legionerlərə onların bizim tarixi torpaqlarımızı təmsil etdiklərini başa salmışdıq. Oyun zamanı da bir-birimizə qarşı mehribançılıq var idi. Hansısa sərtlikdən, kobudluqdan söhbət gedə bilməzdi.

- Fasilədə heyətə 4 futbolçu cəlb edilib ki, onların yarısı legioner, bir o qədəri də yerlidir. Əcnəbilər haqda nə düşünürsünüz?
- Riçard çox tez adaptasiya oldu və özünü yaxşı tərəfdən göstərməyi bacardı. Qapıçıya isə müəyyən vaxt lazımdır ki, müdafiəçilərlə anlaşsın, bir-birini başa düşsün. Fikrimcə, toplanış zamanı Fərhad Vəliyev də əvvəlki formasını bərpa edib. O da özünü yaxşı tərəfdən göstərdi. Ona görə də Varvodiçlə aralarında ciddi rəqabətin gedəcəyini düşünürəm.

- Mövsüm başa çatdıqdan sonra “Qarabağ”ın transfer çalışmaları zamanı legionerlərə üstünlük verəcəyi açıqlandı. Bu nədən irəli gəlirdi: yerli futbolçu qıtlığı var, yoxsa artıq bizimkilərə inam azalıb?
- Fakt odur ki, yaxşı yerli futbolçu yoxdur. Baxırsan ki, digər klublarda yaxşı uşaqlar var. Amma nə özləri oynadır, nə də başqasına verirlər. Halbuki, həmin uşaqlar oynasalar, özlərini daha yaxşı tərəfdən göstərmək imkanı qazanarlar. Belə olan halda, legionerlərə üz tutmağa məcbursan. Bu gün klublarımız çox güclənib. Artıq rəqabət aparmaq çətin olacaq.

- Zədəniz tam sağalıbmı?
- Şükürlər olsun ki, bu problem arxada qalıb. Düzdür, hələ ideal formada deyilik. Hər şeyin öz vaxtı var. Bir neçə turdan sonra hamımızın yaxşı formada olacağımıza inanıram.

- Türkiyədə olduğunuz müddətdə avrokuboklardakı təmsilçilərimizin oyunlarını izləyirdinizmi?
- Bəli, izləyirdik.

- Komandalarımız necə təsir bağışladı?
- “Neftçi” inamlı qələbə qazandı və mərhələni rahat şəkildə adladı. Bu da təmsilçimizin gücündən xəbər verir. Ümumiyyətlə, “Neftçi”nin mərhələ adlayacağına heç birimiz şübhə etmirdik. “İnter” və “Xəzər Lənkəran”ın oyunlarını internet vasitəsilə izlədik. Hər ikisi səfərdə pis təsir bağışlamadı. Qorxmadılar, çəkinmədilər, sona qədər mübarizə apardılar. Məncə, həm “İnter”, həm də “Xəzər Lənkəran” ilk oyununu səfərdə keçirsəydi, mərhələ adlayacaqdı. Amma güclü rəqiblərin Bakıdan sərfəli nəticə ilə dönməsindən sonra hesabı xeyrinə dəyişmək çətin olur. “İnter” daha çox yaxın idi, növbəti mərhələyə yüksəlməyə. Sadəcə, penaltilər seriyasında bəxtləri gətirmədi.

- Həftəsonu Premyer Liqaya start veriləcək. “Qarabağ” ilk turda “İnter”in qonağı olacaq. Artıq rəqibin gücünə bələdsiz. Şansları necə dəyərləndirirsən?
- Mövsümün əvvəlində “İnter”, “Xəzər Lənkəran”, “Neftçi” kimi komandalarla qarşılaşmaq istəməzdik. Çünki üçü də avrokuboklarda çıxış ediblər, yaxşı formadadırlar. Adaptasiya mərhələsini adlayıblar. Təəssüflər olsun ki, ilk iki turda “İnter və “Neftçi” ilə üz-üzə gələcəyik. Edə biləcəyimiz bir şey yoxdur. Başa düşürük ki, güclü komanda ilə qarşılaşacağıq. Bu il çox gücləniblər. Əlimizdən gələni edəcəyik ki, meydanda maraqlı qarşılaşma keçsin, çempionata uğurlu start verək.

- Avqustun 15-də həm də yığmamız rəsmi oyunlar öncəsi son beynəlxalq yoldaşlıq oyununa çıxacaq. Rəqib isə səfərdə məğlub etdiyimiz Bəhreyn millisidir. Bu haqda nə düşünürsüz?
- Bizim üçün vacib oyundur, çünki rəqibi doğma meydanda qəbul edəcəyik. Bu matçdan sonra sentyabrda evdə İsraillə üz-üzə gələcəyik. Bəhreyinlə oyun taktiki gedişlərin, eləcə də əsas heyətin müəyyənləşməsi baxımından əhəmiyyətlidir. Ona görə də ciddi hazırlaşmalıyıq. Bilirəm ki, cəmi 15 gün vaxtımız qalıb. Bu baxımdan özüm-özümü oyuna kökləyirəm. Çempionatın iki turunun keçirilməsi də oyun təcrübəsi baxımından işimizə yarayacaq. Millinin üzvlərinə özlərinə diqqət yetirmələrini istərdim.

- Maraqlıdır ki, bu gün yığmanın iki aparıcı üzvü - qapıçı Kamran Ağayevlə müdafiəçi Mahir Şükürov klubsuzdur. Bu millinin oyununa nə kimi təsir göstərəcək?
- Bu futbolçuların durumları fərqlidir. Belə ki, Kamran avrokubok oyunlarını oynadıqdan sonra transferə çıxarılıb. Yəni, fasilə zamanı 4 rəsmi oyunda iştirak edib, toplanış keçib. Mahirdə isə vəziyyət fərqlidir. Onların tezliklə problemlərini həll etməsini istərdik. Çünki hər ikisi yığma üçün vacib oyunçulardır. Onsuz da millidə təcrübəli futbolçuların sayı azdır. Kamranla Mahir ustalıq və təcrübə baxımından yığmaya lazımlıdırlar. Özüm bu mərhələni keçmişəm. Karyeram ərzində bir müddət klubsuz qalmışam və onların hansı əziyyətlər çəkdiyini başa düşürəm. Bu mərhələni tezliklə arxada buraxmalarını istəyirəm.