Roberto Karlos rəsmən karyerasını bitirdi
02.08.2012 - 09:00
Roberto Karlos rəsmən karyerasını bitirdi
Əfsanəvi braziliyalı futbolçu Roberto Karlos karyerasını rəsmən bitirib. Apasport.az saytının məlumatına görə, bu haqda 39 yaşlı sol cinah müdafiəçinin şərəfini qoruduğu “Anji”nin Rusiya Premyer Liqasının III turu çərçivəsində “Amkar”la oyun öncəsi keçirilən mətbuat konfransında məlumat verilib. Komandanın baş məşqçisi Qus Hiddinkin sözlərinə görə, indi Karlos sırf klub inkişafının fəaliyyəti ilə məşğul ola biləcək.

Robertonun şərəfinə vida oyunu keçiriləcək. Orada futbolçunun uzun illər çıxış etdiyi Madrid “Real”ı ilə indiki komandası oynayacaq. Karlosun sözlərinə görə, onun “Real”ın prezidenti Florentino Pereslə artıq görüşü olub.

Qeyd edək ki, Karlos 3 dəfə Çempionlar Liqasının qalibi, Avropa Superkubokunun qalibi olub. O, ötən ilin fevralında “Anji”yə keçərək, bu ilin martından meydana çıxmır.