2 pillə irəliləmək şansı əldən getdi
02.08.2012 - 12:02
2 pillə irəliləmək şansı əldən getdi
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.

Mərhələnin oyunları Azərbaycanın da yer aldığı 4-cü onluq komandaları üçün uğursuz alınıb. Belə ki, yalnız 31-ci pillədəki Sloveniya qələbə sayəsində mövqeyini möhkəmlədib. Digər 9 ölkənin xal hesabı isə dəyişməz qalıb. Onlar arasında Azərbaycan da var. Çempionumuz “Neftçi”nin İsraildə Kiryat-Şmona “Hapoel”inə 0:4 hesabı ilə uduzması mövqeyimizin yaxşılaşmasına imkan verməyib.

Hərçənd, “Neftçi”nin səfər qələbəsi 2 pillə irəliləməyə imkan verəcəkdi. Lakin bakılılar bu işin öhdəsindən gəlməyib. Əks halda, Azərbaycan indi 36-cı deyil, 34-cü olacaqdı.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan bu mövsüm hesabına 1,750 xal əlavə edib. Bunun ən böyük hissəsi – 0,750-i “İnter”ın payına düşür. “Xəzər Lənkəran” 0,500, “Neftçi” isə “İnter”in topladığının yarısını - 0,375, “Bakı” isə cəmi 0,125 xal qazanıb. Son 5 ildə isə 7,291 xal yığmışıq.

UEFA reytinqinin 4-cü onluğu
yerÖlkəreytinqQalıb/klub
31Sloveniya8,4582/4
32Finlandiya8,2082/5
33Bosniya-Herseqovina7,5831/4
34Moldova7,5411/4
35İrlandiya7,3751/4
36Azərbaycan7,2911/4
37Litva 6,5001/4
38Qazaxıstan5,9581/4
39Latviya5,7910/4
40İslandiya5,4160/4