“Futbol” mahnısının klipi telekanallarda - VİDEO
02.08.2012 - 13:59
“Futbol” mahnısının klipi telekanallarda - VİDEO
Azərbaycanın xalq artisti, estrada ulduzu Aygün Kazımovanın bu il ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatında ev sahibi ölkə olaraq yarışlara qatılmağa haqq qazanmış U-17 milli yığmamızın qızlarına dəstək məqsədi ilə ifa etdiyi “Futbol” mahnısı telekanallara çıxacaq. Apasport.az saytının məlumatına görə, sözləri Namiq Qaraçuxurlu, musiqisi isə Kazımovaya məxsus mahnı artıq ölkənin radio dalğalarında yayımlanmağa başlayıb.

Avqust ayının ikinci yarısından etibarən isə “Futbol” mahnısının videoklipi bütün yerli televiziya kanallarında yayımlanacaq. Kazımova layihə təşəbbüsünün əsas məqsədinin çempionatda mübarizə aparacaq qızlarımıza dəstək olduğunu vurğulayıb: “Keçmiş qadın idmançı kimi azarkeşlərin və bütün xalqın dəstəyinin oyunçuya təsirini, onun qələbəyə köklənməsində necə rolu olduğunu bilirəm. Bu səbəbdən ifamın, həm qızlarımıza, həm də bütün idmançılarımıza motivasiyaedici qatqısı olacağını düşünürəm”.

Eksklüziv olaraq ilk dəfə iyulun 6-da Rəsmi Pükatma Mərasimindən sonra Yerli Təşkilat Komitəsi tərəfindən Milli Parkda təşkil olunmuş konsert proqramında izləyicilərə təqdim olunan “Futbol” mahnısı Azərbaycan hit-paradlarında ilk 10-luğa daxil olmağa real namizəddir. Xalq artisti mahnının sözlərində əks olunduğu kimi “Futbol”un qızlarımıza uğur gətirəcəyinə ümid edir və 17 yaşadək qızlardan ibarət millimizin ilk addımlarının məhz dünya çempionatı zamanı atilacağının çöx sevindirici bir hal olduğunu vurğulayıb. Estrada ulduzu eyni zamanda bildirib ki, gənc komandamızın bu mühüm beynəlxalq tədbirdə iştirakının özü böyuk bir nailiyyətdir və inamla qeyd edib ki, nəticədən asılı olmayaraq, azarkeşlərimiz millimizə dəstəyini əsirgəməyəcək.

“Futbol” mahnısı artıq internet saytlarda da yerləşdirilib. Kazımovanın ifası affavideo.az və youtube.com-da da yer alıb.

Mənbə: affa.az