“Neftçi” üçün növbəti kabus
02.08.2012 - 14:04
“Neftçi” üçün növbəti kabus
“Neftçi” klubunun Çempionlar Liqasında çıxışı yekunlaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Kiryat-Şmona “Hapoel”inə İsraildə 0:4 hesabı ilə uduzan “ağ-qaralar” üçün mübarizənin III təsnifat mərhələsində bitdiyini söyləmək olar. Çünki Bakıda keçiriləcək cavab matçında möcüzənin olacağına heç “Neftçi”nin futbolçu və məşqçi heyəti də ümid edə bilməz.

Bu isə o deməkdir ki, çempionumuz Avropa Liqasının IV təsnifat mərhələsinə transfer olunacaq. Bu mərhələdə isə 62 komanda çıxış edəcək. Onlar reytinqlərinə görə 2 səbətə bölünəcək. “Neftçi” aşağı reytinqə malik olduğundan, yenə zəiflər sırasında olacaq.

Çempionumuzun potensial rəqibi olacaq 13 komanda artıq dəqiq bilinir. Onlar arasında PSV, MOİK kimi kabuslar var. “Neftçi”nin digər rəqibləri isə Çempionlar Liqasının III təsnifat mərhələsində uduzanlar və Avropa Liqasının III təsnifat mərhələsində udanlar olacaq. Əgər hər cütdə favorit olan qalib gəlsə və sensasiya baş verməsə, aşağıda göstərilənlər də potensial rəqib olacaq.

Düzdür, ÇL-də uduzacağı halda “Fənərbaxça” (Türkiyə) da, “Bazel” (İsveçrə) də, “Kopenhagen” (Danimarka) və başqa iddialılar da bu siyahıya daxil ola bilərlər. Lakin bunun üçün onların aşağı reytinqli rəqibinə uduzması lazımdır. Hələlik isə “Neftçi”nin 31 potensial rəqibinin siyahısı yalnız kabuslardan ibarətdir.

Mübarizəyə IV təsnifat mərhələsindən başlayanlar: “Sportinq” (Portuqaliya), MOİK (Rusiya), PSV (Hollandiya), “Bordo” (Fransa), “Ştutqart” (Almaniya), “Metallist” (Xarkov), “Alkmaar” (Hollandiya), “Hapoel” (Təl-Əviv, İsrail), “Latsio” (İtaliya), “Trabzonspor” (Türkiyə), “Nyukasl” (İngiltərə), “Levante” (İspaniya), “Dnepr” (Ukrayna)

III təsnifat mərhələsinin səpələnmişləri (udacağı halda): “İnter” (İtaliya), “Liverpul” (İngiltərə), “Marsel” (Fransa), “Tvente” (Hollandiya), “Atletik” (İspaniya), APOEL (Kipr), “Hannover” (Almaniya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Sparta” (Çexiya), “Lex” (Polşa), “Rusenborq” (Norveç), “Herenven” (Hollandiya), “Anartosis” (Kipr), “Yanq Boyz” (İsveçrə), “Genk” (Belçika), “Viktoriya” (Çexiya)

Çempionlar Liqasından gələnlər (uduzacağı halda): “Brügge” (Belçika)