“Neftçi” 3 futbolçusunu qovdu
02.08.2012 - 20:00
“Neftçi” 3 futbolçusunu qovdu
Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin “Hapoel” (Kiryat-Şmona) klubuna biabırçı hesabla (0:4) məğlub olan “Neftçi” rəhbərliyi sərt addım atmağı lazım bilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, oyundan sonra məşqçilər korpusu klub rəhbərliyi yanında toplantı keçirib.

Komandanın biabırçı hesablı məğlubiyyətinin səbəbləri araşdırılaraq, yekdilliklə klub prezidentinə təqdimat verilib. Bundan başqa, bu gün Bakıya qayıtdıqdan dərhal sonra "Neftçi"nin bazasında klub rəhbərliyi, məşqçilər və futbolçuların iştirakı ilə klubdaxili iclas keçirilib. İsrail təmsilçisinə məğlubiyyətə görə klubun futbolçularına ciddi şəkildə xəbərdarlıq edilib.

Həmçinin məşqçilər korpusunun təqdimatına əsasən, klub prezidentinin sərəncamı ilə son oyunlarda öz imkanlarından aşağı səviyyədə çıxış etməsi və Çempionlar Liqası kimi mötəbər yarışa məsuliyyətsiz yanaşmaları nəzərə alınaraq, "Neftçi"nin kapitanı Rail Məlikov, müdafiəçi İqor Mitreski və qapıçı Rauf Mehdiyev transferə çıxarılıb.
Klub saytında yerləşdirilən məlumatda üzrxahlıq da yer alıb: "Neftçi" PFK adından Azərbaycan xalqından məğlubiyyətə görə üzr istəyirik və inanırıq ki, cavab görüşündə, eləcə də Avroliqanın "pley off" oyunlarında "Neftçi" adına layıq futbol nümayiş etdirərək azarkeşlərimizi sevindirəcək”.