“Neftçi”nin yetirməsi İsrail fiaskosundan danışdı
02.08.2012 - 23:08
“Neftçi”nin yetirməsi İsrail fiaskosundan danışdı
“Əlbəttə, Premyer Liqanın startını səbirsizliklə gözləyirdik. Digərləri kimi, biz də həyəcanlıyıq”. Bu sözləri apasport.az saytına “Rəvan” klubunun yarımmüdafiəçisi Amit Quluzadə deyib.

Ötən mövsümü Türkiyənin Bank Asiya Liqasında mübarizə aparan “Ərciyəsspor” klubunun heyətində keçirən U-21-in üzvü yayda yenidən geri döndü. Əvvəlcə “Neftçi”yə keçəcəyi gözlənilən futbolçu özünü “Rəvan”da sınamaq qərarına gəldi.

Komandasının toplanışında iştirak edən Quluzadə hazırlıq oyunlarında baş məşqçinin ona güvəndiyini və əsas heyətdə yer verdiyini bildirib. Bu üzdən yarımmüdafiəçinin “Rəvan”da debüt edəcəyini gözləməyə dəyər: “Əsas heyətdə mənə şans verib-verməyəcəyini dəqiq deyə bilmərəm. Amma yoldaşlıq oyunlarının çoxunda əsas heyətdə mən də meydana çıxırdım. Görək çempionatda necə olacaq”.

Püşkə əsasən mövsümə “Xəzər Lənkəran”la oyunla start verəcək “Rəvan” rəqibi “Dalğa Arena”da qəbul edəcək. Əyalət təmsilçisinin avrokuboklardakı oyunlarını izləyən paytaxt klubu çempionata uğurlu start vermək haqda düşünür. Çünki “Rəvan”ın da iddiası artıb: “Xəzər Lənkəran” iddialı, çempionluğa əsas favoritlərdən biridir. Biz də doğma meydanda oynayacağıq. Təbii ki, mövsümə uğurlu start vermək istəyirik. Çünki komandanın qarşısına ciddi məqsəd qoyulub. İlk hədəfimiz ilk “altılığ”a düşməkdir”.

Bu arada Quluzadədən yetirməsi olduğu sabiq klubu “Neftçi”nin Çempionlar Liqasındakı fiaskosu haqda nə düşündüyünü də xəbər aldıq. O da bu cür yenilgini gözləmədiyini vurğulayıb: “Oyunu izlədim. Açığı, bu cür hesabla məğlub olacaqlarını gözləmirdim. Amma bu futboldur, nəticəni heç vaxt əvvəlcədən müəyyənləşdirmək olmur”.