FİFA-nın çəkiliş qrupu Bakı və Lənkəranda
03.08.2012 - 12:08
FİFA-nın çəkiliş qrupu Bakı və Lənkəranda
Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatının başlanmasına artıq həftələr qalır. Apasport.az saytının məlumatına görə, çempionata hazırlıq işləri çərçivəsində Yerli Təşkilat Komitəsi (YTK) ilə FİFA-nın müvafiq qurumları və işçi qrupları arasında sıx əməkdaşlıq davam edir. İyulun 27-də ölkəmizə gələn FİFA Filming (FİFA çəkiliş qrupu) üzvləri avqustun 5-ə qədər şəhər profili çəkilişlərini həyata keçirəcəklər.

Onlar yarışa rəsmi ev sahibliyi edəcək Bakı və Lənkəran şəhərlərinin qısa tanıtım çarxlarını hazırlamaq üçün ölkəmizdədir. Paytaxtda tarixi yerləri, müasir tikililəri, muzeylər və ümumi Bakı həyatını, günəşin Xəzərdən doğuşunu və s. lentə alan nümayəndə heyəti avqustun 1-də çempionat oyunlarına ev sahibliyi edəcək digər şəhərə - Lənkərana yola düşüblər. Burada da Lənkəranın zəngin təbiətini, sadə həyatını, rəngarəng mətbəxi və mədəniyyətini lentə alıblar. Bakı və Lənkəranın ümumi simasını nümayiş etdirən tanıtım çarxları hər iki şəhər üçün ayrı-ayrı hazırlanıb www.fifa.com web-səhifəsi, eləcədə çempionat oyunlarından əvvəl və fasilələr zamanı televiziya vasitəsilə yayımlanacaqdır.

Mənbə: affa.az