“Kəpəz” müqavilə bağladığı futbolçunu qovdu
03.08.2012 - 16:14
“Kəpəz” müqavilə bağladığı futbolçunu qovdu
Mövsümə hazırlığın son hissəsini Gürcüstanda keçirən “Kəpəz” heyətinə qatdığı futbolçulardan biri ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, müqavilə imzalanan braziliyalı hücumçu Ademar Aparekido Xavyer Junior komandadan qovulub.

Futbolçunun qovulmasına səbəb onun intizamsız hərəkətlərə yol verməsidir. Belə ki, Gəncə təmsilçisi Uqeridə toplanışda olan zaman ilk yoldaşlıq matçında Batumi “Dinamo”su ilə üz-üzə gəlib. Oyun təmsilçimiz üçün uğursuz başa çatıb - 1:2. Matçın gedişində braziliyalı futbolçu kobudluq edərək, qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu da baş məşqçi Fuad İsmayılovu narahat edib. O, mövsümün gedişində də futbolçunun bu cür hərəkətlərə yola verəcəyini və komandanı pis vəziyyətdə qoya biləcəyini düşündüyündən, legionerlə yollar ayrılıb.

Qeyd edək ki, futbolçu ölkəmizə gələnə qədər Moldova çempionatında mübarizə aparan “Milsami” klubunun formasını geyinib.