“Turan”a xeyir vermək üçün gəlmişik”
05.08.2012 - 10:47
“Turan”a xeyir vermək üçün gəlmişik”
Qoqi Pipia: “İlk 15 dəqiqədə boşluqlar verdik”
“Karyeramda yeni səhifə açıldı. İlk dəfə olaraq “Turan”ın heyətində meydana çıxdım və Azərbaycan Premyer Liqasında debüt etdim”. Bunu apasport.az saytına açıqlamasında “Turan”ın yeni transferi Qoqi Pipia deyib.

XXI Azərbaycan çempionatının ilk turu çərçivəsində Gəncədə “Kəpəz”in qonağı olan “Turan” əzmkar qələbə qazanıb – 2:1. Hazırlığa gec başladığına görə əksəriyyət bu dueldə meydan sahibini favorit hesab edirdi. Amma Tovuz təmsilçisi sürprizə imza atmaqla proqnozları alt-üst etdi. Maraqlıdır ki, debüt oyununda gürcü forvard məhsuldar ötürmə verməklə yanaşı, qol da vurmağa nail olub: “Adaptasiya problemi yaşamadım. Amma meydanda ilk 15 dəqiqədə boşluqlar verdik. Bu da yoldaşlıq oyunu keçirməməyimizdən irəli gəlirdi. Rəqib də bu boşluqdan faydalandı”.

O, hesabda geri düşməklərinə baxmayaraq, əzmkarlıq nümayiş etdirdiklərini və çempionata uğurlu start verdiklərinə görə şad olduğunu deyib: “Debüt oyununda qol vurmaq çox xoşdur. Bura “Turan”a xeyir vermək üçün gəlmişik. Düşünürəm ki, bunu ardı gələcək”.

Hücumçu sonda azarkeşlərlə bağlı da xoş sözlər söyləyib: “Gəncədən dönən zaman bizi Tovuzda 100-dən artıq azarkeş qarşıladı. Stadionun qarşısında həqiqətən də gözəl mənzərə yaranmışdı. Hər kəs deyib gülür, qələbənin sevincini yaşayırdı. Bu da “Turan”a olan sevgidən qaynaqlanır. Onlar hər oyunda bu cür sevindirmək istəyirik”.

Qeyd edək ki, 10 gün əvvəl “Turan”ın düşərgəsində gələn Pipia “Kəpəz”lə oyunun 36-cı dəqiqədə hesabı bərabərləşdirməklə yanaşı, 69-cu dəqiqədə Azər Məmmədovun qol vurmasına şərait yaradıb.