“Nə olsun ki, “Neftçi” avrokuboklarda oynayır?”
06.08.2012 - 13:36
“Nə olsun ki, “Neftçi” avrokuboklarda oynayır?”
“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

- Komandanız “İnter”lə çempionatın ilk matçında 1:1 hesablı bərabərliyə qaldı. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Bilirdik ki, çətin olacaq. Çünki “İnter”in yaxşı heyəti var. Hazırda ən yaxşı formada olan komandadır. Biz də yaxşı hazırlıq keçmişdik və mövsümə qələbə ilə başlamaq istəyirdik. Qələbəyə də çox yaxın idik. Əlimizdə yaxşı imkanlar düşsə də, istifadə edə bilmədik. Son dəqiqədə rəqib hesabı bərabərləşdirdi. Heç nədən qol buraxdıq.

- Oyunun rəqib meydanında keçirildiyini nəzərə alsaq, bu nəticəni başlanğıc üçün normal saymaq olarmı?
- Əslində, uda da bilərdik, amma alınmadı. “İnter”in gücünü hamı bilir. Düzdü, nəticə pis deyil. Birinci hissədə biz üstün oynadıq. Fasilədən sonra rəqib daha fəal idi. Qarşıdakı oyunlara baxmaq lazımdır.

- İkinci hissədə üstünlüyü rəqibə verməyiniz nə ilə bağlıdır? Bəlkə komanda fiziki planda axsayırdı?
- Ola bilər. Bunu istisna etmirik. Həm də ilk oyun olduğu üçün daha çox güc sərf etdik. Buna görə də sonadək eyni tempdə oynaya bilmədik. “İnter” isə avrokuboklarda oynadığına görə, çempionata tam hazır gəlmişdi.

- Admir Telinin avtoqola imza atdığı epizodda qol buraxmamaq olardımı?
- Təsadüfi bir qol oldu. Teli havaya qalxdı ki, topu vursun. O da çatmadı və top başını sürtüb tora daxil oldu. Həmin anda topa toxunmasaydı, qapıçı onu götürəcəkdi. Bunun üzərində çox dayanmağa dəyməz. Futbolda hər cür vəziyyətlə qarşılaşırsan.

- Belə çıxır ki, “Qarabağ” çempionata hələ tam hazır deyil?
- Bəli, “Qarabağ” hələ tam hazır deyil. Tədricən formaya düşəcəyik.

- Yeri gəlmişkən, Miro Varvodiç və Riçard Almeyda bu oyunda debüt etdilər. Xüsusilə, qapıçının oyununu necə qiymətləndirirsiniz?
- Mövsüm yeni başlayıb. Birinci oyun olduğuna görə, tam fikir söyləmək olmaz. Qapıçının inamlı təsir bağışladığını deməliyəm. Heç bir səhv buraxmadı. Əksinə, bir neçə epizodda bizi qoldan xilas etdi. Almeyda da yaxşı oyunçudur. Onların necə təsir bağışladığını qarşıdakı turlarda görəcəyik. Onlar üçün nə lazımdırsa edilib.

- Bojan Pavloviçlə Miro Varvodiçi müqayisə edə bilərsənmi?
- Bu artıq baş məşqçinin işidir. Yəqin ki, Varvodiç güclüdür ki, Pavloviçi göndərib, komandaya onu dəvət etdilər.

- Növbəti turdakı rəqib “Neftçi”dir. Paytaxt klubu Çempionlar Liqasında çıxış etdiyindən, Premyer Liqaya hazırdır. Həmin qarşılaşmada “Qarabağ” hansı nəticəyə ümid edir?
- Ancaq qələbə. Nə olsun ki, “Neftçi” avrokuboklarda oynayır? Onlara qarşı layiqli oyun nümayiş etdirəcəyik. Əgər çempion olmaq istəyiriksə, bütün oyunlara maksimum nəticə qazanmaq məqsədi ilə çıxmalıyıq.

- “Qarabağ” ardıcıl güclü rəqiblərlə qarşılaşacaq. Bu baxımdan təqvimi komandanız üçün necə dəyərləndirirsiniz?
- Bunun fərqi yoxdur. Bütün klublarla qarşılaşmalıyıq. Əsas odur ki, yaxşı nəticə qazanaq.

- Artıq rəhbərlik komandanın məqsədini açıqlayıb. Bu ilə “Qarabağ”dan çempionluq gözlənilir. Bunun öhdəsindən gəlmək mümkün olacaqmı?
- Əlimizdən gələni edəcəyik. Özümüzə çox inanırıq. Ötən ilki səhvlərimizi analiz edib, nəticə çıxarmışıq. Təbii ki, onları təkrarlamayacağıq. Çempion olub, avrokuboklara qatılmaq istəyirik. Bunun üçün çox darıxmışıq. Bu il avrokuboklarda “Qarabağ”ın yeri görsənirdi. Azarkeşlərimizi sevindirmək istəyirik.