Millimiz üçün yeni arena
06.08.2012 - 15:49
Millimiz üçün yeni arena
Azərbaycan millisi 20 illik tarixində ilk dəfə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynayacaq. Apasport.az saytının məlumatına görə, bu, avqustun 15-də Bəhreynlə yoldaşlıq görüşündə reallaşacaq. Bununla, “Neftçi”nin ev oyunlarını keçirdiyi stadion millimizin rəqibini qəbul edəcəyi 7-ci arena olacaq.

Belə ki, əsas yığmamız yarandığı 1992-ci ildən bu yana ev oyunlarını Bakıda Tofiq Bəhramov adına Respublika, “Şəfa” və “Dalğa Arena” stadionunda qəbul edib. Yeri gəlmişkən, sonuncu məkanda Azərbaycan – Bəhreyn oyununun keçirilməyi nəzərdə tutulmuşdu. Ancaq Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya göndərilən rəsmi müraciətdə oyunun süni yox, təbii ot örtüklü meydançada keçirilməyi ilə xahiş müsbət cavablandığından, yerin dəyişdirilməyi ilə bağlı qərar qəbul olundu.

Millimiz paytaxtdan kənarda 2 məkanda – Gəncə və Lənkəran şəhər stadionunda oynayıb. Nizami yurdunda yoldaşlıq görüşü, cənub bölgəsində rəsmi oyun keçirilib. Yığmamızın ev oyunlarının keçirdiyi məkanlardan danışarkən, Türkiyənin Trabzon şəhərini da qeyd etməliyik. Belə ki, UEFA 1994-cü ildə Azərbaycanda siyasi vəziyyətin qeyri-sabit olmağı ilə əlaqədar milli komandamıza oyunlarını evdə keçirməyə icazə vermədi. Belə olan halda, ilk seçmə mərhələdə rəqiblərimizi “Avni Aker” stadionunda qəbul etməli olduq.

Qeyd edək ki, bunadək Bakıxanov qəsəbə stadionunda beynəlxalq oyunlar olub. 21 yaşlılardan ibarət yığmamız orada rəsmi matçlarını da keçirib.

Mehman SÜLEYMANOV