Kavlak ən yaxşı klubun adını çəkdi
06.08.2012 - 23:02
Kavlak ən yaxşı klubun adını çəkdi
“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın apasport.az saytına müsahibəsi

- “Simurq”la matçda qeydə alınan 1:1 hesablı nəticə sizi nə dərəcədə qane etdi?
- Oyuna 3 xal qazanmaq üçün çıxmışdıq. Əlbəttə, nəticədən razı deyilik. Ancaq indi “Simurq”la matçın nəticəsini yaddan çıxarmaqla yanaşı, qarşıdakı oyuna hazırlaşırıq.

- Heyətdə 4 yeni futbolçuya şans verdiniz. Onların çıxışından razı qaldınızmı?
- Bəli, ilk “11-lik”də mövsümlərarası fasilədə heyətimizə qatdığımız 4 yeni futbolçuya şans vermişdik. Oyunun gedişində yeni transferlərimizdən daha biri meydana çıxmaq imkanı qazandı. Nəticəyə baxmayaraq, hamısının oyunu və komandaya uyğunlaşması məni məmnun etdi.

- “Qəbələ” futbolçuları birbaşa müqaviləyə dəvət etməklə heyətinə qatdı. Bu addımınız sizi yanıtmayıb?
- Alınan bütün futbolçulardan yüz faiz məmnunam.

- Kelhar Dejanın oyuna sarıqlı çıxması nə ilə bağlı idi? Bu futbolçu qarşıdakı oyunlarda da komandasına kömək edə biləcəkmi?
- Onun meydana sarğı ilə çıxması məşq prosesində başından zədələnməsi ilə bağlı idi. Hansısa risk olsaydı, meydana buraxmazdıq.

- Növbəti turda “İnter”lə qarşılaşacaqsız. Rəqib haqda nə deyə bilərsiz?
- “İnter” yaxşı oyunçulardan qurulmuş, fiziki və taktiki olaraq Azərbaycanın ən yaxşı komandalarından biri, mənə görə birincisidir. Bu oyun şübhəsiz ki, çox çətin keçəcək.

- Bu çempionatda ilk ev oyununuzdur. Təbii ki, yerli fanatlar qələbə istəyəcək. Bunun öhdəsindən gələ biləcəksizmi?
- Gələ biləcək gücdəyik. Ancaq futbolda hər şey oyunun sonunda bilinir. Bu qarşılaşmaya hazırlaşmaq üçün 5 gün vaxtımız var. Lazımi şəkildə hazırlaşacağıq, məqsədimizə nail olmağa çalışacağıq.

- Həm “Xəzər Lənkəran”, həm də “Neftçi” bir neçə futbolçusunu transferə çıxarıb. Onlardan hansınısa komandanızda görmək istəyirsizmi?
- 2012-2013-cu il mövsümünün birinci yarısı üçün transfer çalışmalarımızı bitirdik. Hansısa mövqeyə yeni futbolçu transfer etməyi düşünmürük.