“Xəzər Lənkəran”da daha 2 debütant
07.08.2012 - 10:51
“Xəzər Lənkəran”da daha 2 debütant
Premyer Liqada növbəti mövsümünün startı daha 2 futbolçunun ilk dəfə “Xəzər Lənkəran” forması geyinməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ilk turda “Rəvan”la 1:1 hesabı ilə nəticələnən səfər oyununda qapıçı Orxan Sadıqlı ilə hücumçu Ağabala Ramazanov cənub klubunda ilk rəsmi matçlarını keçirib.

Bakıdakı oyunadək 145 oyunçu “ağ-yaşıl” formada meydana çıxmışdı. Onlardan 89-u legioner, 56-sı yerli futbolçu idi. “Rəvan”la oyuna start heyətində çıxan Orxan bu siyahıya 146-cı kimi daxil oldu. Həm də 57-ci yerli futbolçu olan qapıçı indiyədək “Xəzər Lənkəran”ın qapısını qorumuş 10-cu qolkiper kimi tarixə düşdü. Ona qədər Kamran Ağayev – 161, Dmitri Kramarenko – 53, Aleksandr Martyoşkin – 51, Mikayıl Yusifov – 17, Milorad Koraç – 14, Kamal Bayramov – 7, Denis Romanov – 5, Ramiz Kərimov – 4, Yevgeni Kopil – 1 oyunda lənkəranlıların “1 nömrə”si olmuşdu.

“Rəvan”la oyun sonlarında oyuna daxil olan Ağabala isə komandanın tarixində 147-ci futbolçu oldu. O, bu siyahıya adını 58-ci azərbaycanlı oyunçu kimi yazdırdı.

Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 1 futbolçu “Xəzər Lənkəran”da debüt etmişdi. Buna nail olan millimizin müdafiəçisi Ruslan Abışovun debütü Avroliqada gerçəkləşmişdi.

Mənbə: lankaranfc.com