Dejan Kelhar: Yaxşı olardı ki, qolu başqası vuraydı... - MÜSAHİBƏ
07.08.2012 - 23:02
 Dejan Kelhar: Yaxşı olardı ki, qolu başqası vuraydı... - MÜSAHİBƏ
“Qəbələ” klubunun sloveniyalı müdafiəçisi Dejan Kelhardın apasport.az saytına müsahibəsi

- İlk turda komandanız “Simurq”la 1:1 hesablı bərabərliyə qaldı. Premyer Liqa haqda düşüncələrinizi bilmək maraqlı olardı...
- Bir oyunla çempionata qiymət vermək tezdir. Necə olacağını əvvəlcədən təxmin etmişdim. Hər iki komanda meydanda ehtiyatlı davrandı. Bilirdim ki, “Simurq” ortabab komanda hesab edilir. Karyeram ərzində zəif komandalarda da oynamışam. Özümüzdən güclülərlə qarşı mübarizə apardığımız vaxtlar az olmayıb. Bəzən görürsən ki, zəif hesab etdiyin komanda taktiki planda daha yaxşı oyun ortaya qoyur və qələbə qazanır. Əlbəttə, güclü rəqiblərlə görüş tam fərqli keçir. O cür oyunlara köklənmə də başqa cür olur. Bir sözlə, meydanda tam fərqli oyun görürsən. Bunları nəzərə aldıqda, ilk turdan sonra fikir bildirməyim çətin olar.

- Debüt matçında qol vurdunuz. Azərbaycana iddialı gəlmisiz?
- Qol vurmaq önəmli deyil. Ampluam müdafiəçi olduğuna görə, mənim üçün vacib olan komandamın az qol buraxmasıdır. Təbii ki, qol vurduğuma görə şadam. Yaxşı olardı ki, “Simurq”la qarşılaşmada həmin qolu başqası vuraydı, amma qələbəni “Qəbələ” qazanaydı.

- Meydana başı sarğılı çıxmağınız diqqətləri üzərinizə cəmlədi. Məşq prosesində komanda yoldaşınızın dirsəyinə tuş gəldiyiniz açıqlandı. Bu halda oynamaq çətin deyildi?
- Xeyr, hansısa çətinlik hiss etmədim. Hər şey qaydasındadır. Sadəcə, məşq prosesində hava mübarizəsi zamanı komanda yoldaşımın dirsəyi başıma dəydi. Bu qarşıdakı oyunlarda meydana çıxmağıma problem yaratmayacaq.

- Komandanızı qarşıda “İnter”lə oyun gözləyir. Rəqib Premyer Liqanın iddialılarındandır. Doğma meydanda ilk oyununuzda azarkeşlərə nə vəd edirsiniz?
- “İnter”in heyətində dostlarım var, eyni zamanda, bu komandanın oyunlarını izləmişəm. Güclü rəqibdir. Hər iki komandanın ifasında maraqlı oyun izləyəcəyimizi düşünürəm. Onların necə oynadıqlarını bilirik.

- “Qəbələ” heyətini gücləndirməklə, çempionluğa oynadığını açıqlayıb. Startda isə 2 xal itirildi. Necə düşünürsünüz, bu tapşırığın öhdəsindən gəlmək mümkün olacaqmı?
- Çempionat bir oyundan ibarət deyil. Mövsüm uzun marafondur. Burada udmaq da olacaq, uduzmaq da. Heç-heçədən qaçmaq olmayacaq. Əsas odur ki, sonda sevinən tərəf biz olaq.

- Burada havanın isti keçməsi oyununa necə, təsir göstərirmi?
- Bununla bağlı heç bir problemim yoxdur. Günəşi sevən insan kimi istidən qorxmadığımı deyə bilərəm.

- Qəbələyə tam uyğunlaşa bilmisiz?
- İşim futbol oynamaqdır. Adaptasiya ilə bağlı problemim olmayıb. İstər Honq Konqa gedim, istərsə də Azərbaycana, heç bir fərqi yoxdur. Bu gün özümü əla hiss edirəm.

- Şəhərdə sizin üçün diqqətçəkən məqamlar hansılar oldu?
- Gəlməmişdən əvvəl Qəbələ haqda müəyyən məlumatlar toplamışdım. Sürprizlə rastlaşmadım. Amma Azərbaycan inkişaf edir. Bu gün burda olan insan 20 ildən sonra yenidən gəlsə, tam fərqli mənzərənin şahidi olacaq.