“Yeni klubumda gileylənməyə səbəb yoxdur” - MÜSAHİBƏ
07.08.2012 - 18:38
“Yeni klubumda gileylənməyə səbəb yoxdur” - MÜSAHİBƏ
“Rəvan”ın yeni transferi Nikolay Orlovski Moldova mətbuatına müsahivə verib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ilk turunda “Xəzər Lənkəran”ın 1:1 hesabı ilə nəticələnən oyunda adı iştirak ərizəsində olan moldovalı müdafiəçi ölkəmizdə debüt etmək imkanı qazanmayıb.

- İlk turda Azərbaycanın vitse-çempionu ilə oyununuz necə alındı?
- Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı yaxşı oynadıq. Artıq 10-cu dəqiqədə rəqib qapısına yol tapa bildik. Ancaq qələbə hesabını final fitinə kimi qoruya bilmədik. Oyun 1:1 hesabı ilə nəticələndi. Onu qeyd etmək istəyirəm ki, bu komandalar arasında əvvəlki 2 oyun da analoji hesabla yekunlaşıb.

- Sizcə, “Rəvan”ın müdafiə xətti necə təsir bağışlayırdı?
- Hesab edirəm ki, yaxşı. Bir qol buraxdıq, ancaq ümumilikdə müdafiə xəttimiz monolit strukturu kimi görünürdü. Müdafiənin mərkəzində 2 legioner oynayır: biri Serbiyadan, digəri Bosniyadan. Onlar artıq 4 ildir bir yerdə oynayır. Mənə baş məşqçinin etimadını qazanmaq üçün vaxt lazımdır. Mən səylə çalışacağam və əsas heyətə düşmək uğrunda mübarizə aparacağam.

- Komandanızın baş məşqçisi ilə münasibətləriniz necədir?
- Yaxşı, işgüzar. O, hazırda sərəncamında olan bütün oyunçulara normal yanaşır. Deyə bilmərəm ki, baş məşqçi kimisə xüsusi fərqləndirir, yaxud əksinə, kiminsə müsbət cəhətlərini aşağılayır. Komandanın daxilində sağlam mikroatmosfer hökm sürür.

- Bakı sizin üçün necədir? Hazırda harada yaşayırsınız?
- Bakı gözəl şəhərdir. Azərbaycan paytaxtında özümü rahat hiss edirəm. İndi klub məni Bakı ətrafında dəniz kənarında oteldə yerləşdirib. Onun yanında komandanın stadionu yerləşir. Yaxın vaxtda mənzil kirayələyib, şəhərə köçməyi planlaşdırıram. Yeni klubumda məni hər şey qane edir. Gileylənməyə səbəb yoxdur. Əsas işimi davam etdirmək və baş məşqçi ilə klub rəhbərliyinə öz səviyyəni sübut etməkdir.