“Xəzər Lənkəran” Yevlaxa köçür!
08.08.2012 - 13:23
“Xəzər Lənkəran” Yevlaxa köçür!
“Xəzər Lənkəran” bir müddət Premyer Liqada ev oyunlarını doğma stadionunda keçirə bilməyəcək. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib.

O bildirib ki, sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə keçiriləcək 17 yaşadək qızlardan ibarət dünya çempionatının final mərhələsinin oyunları ilə əlaqədar rəqiblərini Lənkəranda kənarda qəbul etməli olacaqlar. Həmin turnir Bakı ilə yanaşı, Lənkəranda da keçiriləcək ki, Premyer Liqanı keçirən Peşəkar Futbol Liqası klublara bu müddətdə vəziyyətdən çıxış yolu alternativ variantları seçməyi tövsiyə edib.

Hüseynov bununla əlaqədar Yevlaxda oynamaqlarının gündəmdə olduğunu bildirib: “Peşəkar Futbol Liqasının rəsmisi Məlik Həsənov bizimlə əlaqə saxlayaraq, dünya çempionatı ilə əlaqədar Lənkəranda kənarda harada oynayacağımızı xəbər alıb. Çünki həmin vaxt 2 ev oyunumuzu öz stadionumuzda keçirə bilməyəcəyik. Mənim də öncə ağlıma Yevlax gəldi. Ancaq məsələ hələ rəsmiləşməyib”.

47 yaşlı çalışdırıcının Yevlaxı seçməyi təsadüfi deyil. Axı onun məşqçilik karyerasında ilk məkanı, ən yaxşı illərini həmin şəhərə, onu təmsil edən “Karvan”a bağlıdır: “Əlbəttə, Yevlax mənim üçün doğma yerdir və yenidən orada oyun keçirmək istərdim. Ancaq oranı seçməyim yalnız bununla bağlı deyil. Belə götürəndə, başqa boş yer də yoxdur axı. Mənim də fikrimdən Yevlax keçdi və oranı təklif etdim”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın həmin müddətə 2 ardıcıl ev oyunu düşür. Bunlar sentyabrın 24-də “Bakı”, 5 gün sonra “Turan”la matçdır.

Mehman SÜLEYMANOV