Cavid İmamverdiyev: “Hapoel” güclü rəqib deyildi - MÜSAHİBƏ
09.08.2012 - 14:32
Cavid İmamverdiyev: “Hapoel” güclü rəqib deyildi - MÜSAHİBƏ
“Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyev Çempionlar Liqasının III təsnifat mərhələsinin “Hapoel”lə (İsrail) cavab qarşılaşmasından sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Meydana qələbə ümidi ilə çıxmışdıq. İsraildəki 0:4 hesablı məğlubiyyətin əvəzini çıxa bilməsək də, düşünürdük ki, azarkeşləri sevindirə biləcəyik. Özümüzə əmin idik.

- Səfərdəki yenilgidən sonra görüşə köklənə bilmişdinizmi?
- Çox çətin idi. Çünki səfərdə qapımızdan 4 cavabsız top buraxmışdıq. Bununla belə, məşqlərə ciddi yanaşır, psixoloji cəhətdən özümüzü hazırlamağa çalışırdıq.

- “Zestafoni” ilə hər iki, “Hapoel”lə isə səfərdəki oyuna ilk “11-lik”də çıxsanız da, bu dəfə meydana ikinci hissədə daxil oldunuz. İsraildəki oyundan sonra ehtiyatda qalacağınızı gözləyirdiniz?
- Bəli. Çünki “Hapoel”lə ilk dueldə zəif çıxış etmişdim. Bu dəfə meydana çıxanda əlimdən gələni etdim ki, komandama kömək olum.

- Meydana çıxdıqdan az sonra “Neftçi”ni hesabda önə keçirən qola imza atdınız. Qol vuracağınıza inanırdınız?
- Əlbəttə, inam var idi.

- “Hapoel”i keçmək olardımı?
- Bəli, keçiləsi rəqib idi. Çox da güclü komanda deyildi.

- Cavab oyununu çox az sayda azarkeş izlədi. Fanatların stadiona gəlməməsini səfərdəki məğlubiyyətə reaksiya kimi səciyyələndirmək olarmı?
- Azarkeşlərdən şikayətim yoxdur. Gələnlər də bizi sona qədər dəstəklədilər. Sadəcə, oyunumuz alınmadı.

- Qarşıda Avropa Liqasının pley-off oyunları var. “Neftçi” buna hazırdır?
- Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. İnşallah, belə olmaz.

- Komandanızın avroliqada qrupa düşmək şansını necə dəyərləndirirsiniz?
- Buna inanıram. Başqa çarəmiz yoxdur.

- Həftəsonu Premyer Liqa oyununa çıxacaqsız. İlk rəqib “Qarabağ”dır. Həmin matçadək komanda gücünü bərpa edə biləcəkmi?
- Yorğunluq yoxdur. Hazırlaşacağıq. “Qarabağ”la matçda yaxşı nəticə əldə edib, pley-offa xoş əhval-ruhiyyədə yollanmaq istəyirik.