“Bizdən 1 dəqiqəyə 800 manat istədilər”
09.08.2012 - 16:10
“Bizdən 1 dəqiqəyə 800 manat istədilər”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- 3 ildir Premyer Liqanın sponsoru olan “Unibank”la əməkdaşlığa son qoyuldu. Hazırda vəziyyət necədir?
- Onu deyə bilərəm ki, danışılıb, zəng gözləyirəm.

- Təfərrüatları barədə geniş danışmağınız mümkündür?
- Artıq danışmışıq. Həmin insanlar qəti qərar vermək üçün rəhbərləri ilə görüşməyə gediblər.

- Deməli, hələ rəsmiləşməyib...
- Rəsmiləşməyi qalıb.

- Yeni sponsorun adını deyə bilərsiniz?
- Həll olunsun sonra. Yeni sponsorun kim, hansı sahədə fəaliyyət göstərdiyi haqda hələ heç nə deyə bilmərəm. Məsələyə yaxın vaxtda aydınlıq gələr.

- “Unibank” kimi, yeni sponsorla da 3 il müddətinə anlaşma nəzərdə tutulub?
- Bəli.

- Bəs razılaşmanın şərtlərində hansısa fərqlər varmı?
- Fərqlər, üstünlüklər var. Qoy razılaşma olsun, sonra açıqlayım.

- Premyer Liqanın emblemi necə olacaq?
- Bunu yeni sponsorla birlikdə hazırlayacağıq.

- Həmin qurum həm də Azərbaycan kubokuna sponsorluq edəcək?
- İstəmədilər, amma başqa təşkilatla maraqlanırıq.

- Ölkə kubokunun startına 1 aydan çox vaxt var. Həmin müddətə kimi bu məsələyə aydınlıq gələcək?
- İstərdik ki, həmin vaxta kimi olsun. Ancaq bu, bizim istəməyimizlə, bizdən asılı deyil.

- Sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatının oyunları keçiriləcək ki, bu səbəbdən Bakıda sıxlıq olacaq. Həmin vaxt paytaxtımızda oyunlar keçirmək mümkün olacaq?
- Bəli. Hansı stadionların dünya çempionatına aidiyyatı yoxdursa, orada çempionat oyunları olacaq.

- Belə çıxır ki, dünya çempionatı olacaq stadionlarda ev oyunlarını keçirən Bakı klubları özlərinə başqa arena axtarmalıdırlar...
- Onlara kömək edəcəyik.

- Optimal variant necədir?
- Optimal variant odur ki, həmin komandalara kömək eləməliyik və xüsusilə, oyunlara yer tapmalıyıq. Layihəmizdə belə bir şey var ki, Qəbələ rayonunun stadionlarından istifadə edək. Çünki orda oyunlar keçirməyə imkan var və bundan istifadə etməyə çalışacağıq.

- Zaqatala və Yevlax stadionlarından da istifadə nəzərdə tutulub?
- Bunu da reallaşdırmaq olar. Hava şəraitinə baxarıq. Nə lazım olacaqsa, onu da edəcəyik.

- Bəs teleyayım? İlk turda heç bir oyun canlı efirə getmədi...
- İnşallah, bir şey alınmalıdır. Çünki televiziyalarımız yəqin bir qərara gəlməlidirlər. Əgər bu ölkənin çörəyini yeyib, suyunu içib, havasını udurlarsa, bunu etməlidirlər. Bu futbol tək bizim üçün deyil. Məqsədimiz odur ki, komandalarımıza kömək edək. Burda bəzi şeylər var ki, açıqlamaq olmur. Onu siz də bilirsiniz.

- Məsələnin həllinin yubanması maddi məsələlərdə razılığa gələ bilməməklə bağlıdır? Bəlkə televiziyalar istədiyiniz pulu ödəmək istəmirlər?
- Bəli, televiziyalar pul vermək istəmirlər.

- PFL ilkin məbləğ kimi bir mövsümə 500 min manat qiymət qoysa da, siz qiymətdə güzəşt olunacağına işarə vurmuşdunuz. Nə qədər güzəşt etmisiniz ki, televiziyalar bu məbləğə də yaxın durmurlar?
- Danışığa gələn olur, ancaq konkret işləmək istəyən görməmişik.

- “İdman Azərbaycan” və “Xəzər TV” rəhbərliyi ilə görüşdünüz. Onlar yenə çempionatı yayımlamaqda maraqlı olmadılar?
- “İdman Azərbaycan” yayım hüququnu əldə etməyə daha çox maraq göstərdi. Ancaq sonda alınmadı.

- Əgər belədirsə, məsələ necə müsbət həll oluna bilər?
- Yəqin ki, onlar razılığa gəlməlidir, biz yox.

- İş ondadır ki, vaxt gedir, turlar bir-birini əvəzləyir və oyunları izləmək mümkün olmayacaq...
- Çempionata baxmaq istəyənlər ən azından bizim saytda oyunları izləyə biləcəklər.

- Bu, ilk turda mümkün olmamışdı. Problemin texniki tərəfi həllini tapıb?
- Bəli, artıq izləmək mümkün olacaq.

- Bəs televiziyada?
- Maraqlanmalıdır. Televiziyalar oyunları pulsuz yayımlamaq istəyirlər.

- Sizcə, vəziyyətdən çıxış yolu nədir?
- Elə düşünürəm ki, televiziya şirkətlərinin rəhbərləri klub prezidentlərinin, sponsorların ümumi dövlət, respublika, idman naminə pul xərclədiyini fikirləşməlidirlər. Klublar oyunçular alırlar, futbolun inkişafı üçün şərait yaradırlar. Ancaq televiziyalar bunun qarşılığında qonşu ölkələrdən bir örnək götürməlidirlər və bəzi qeyri-qanuni hərəkətlərə yol verməməlidirlər, vəssalam.

- Aydın məsələdir ki, qeyri-qanuni hərəkət deyəndə, televiziyaların yayıma görə klublardan pul istəməsi nəzərdə tutulur...
- Bəli. Əfsuslar olsun ki, klub rəhbərləri hamısı gizləyir. Ancaq belə olmamalıdır. Klub var ki, imkanı yoxdur. Klub da var imkanı çoxdur. İmkanı olan nəyinsə xatirinə məcbur olmadan nəyisə edir. Bəs imkanı zəif olan nə eləməlidir? O da pulu hardansa tapmalıdır. Biz də belə olmasın deyə tələb edirik ki, yayıma görə televiziyalar pul ödəməlidir. Gəl, pulunu ver, oyunları göstər. Azərbaycanda əvvəl-axır bu addım atılmalıdır. İndi bu addımı atmışıq və buna axıra kimi getməyə çalışırıq ki, klublara yük düşməsin. Televiziya tərəfindən futbola diqqət ayrılsın. İnşallah, bunun alınacağına inanıram.

- Belə çıxır ki, xəbərlər, idman, futbol proqramları üçün oyunları çəkməyə gedən televiziyalar da bu imkana malik olmayacaqlar?
- Olmayacaqlar. Siz də bir azarkeşsiniz. Oyunları göstərməyə razı olma, ancaq gəl, 5 dəqiqə çək, get göstər. Niyə? Niyə telekanallar vurulan qolları göstərib, özlərinə reytinq yığmalıdır, ancaq futbola diqqət ayırmamalıdır? Kubokun finalından öncə telekanalların birində reklam verməyi xahiş eləmişdik, 1 dəqiqəyə minimum 800 manat pul istədilər. Bəs mən niyə 5 dəqiqəlik oyunu onlara havayı verim? Yəni futbol belə ucuzdur?

Mehman SÜLEYMANOV