Ramin Musayev: Gəlin, insafla danışaq
09.08.2012 - 23:01
Ramin Musayev: Gəlin, insafla danışaq
“Gəlin, azarkeş kimi danışaq. Stadiona gələnlərin hamısı belə fikir səsləndirdi ki, “Neftçi”nin “Hapoel”lə oyunda bəxti gətirmədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Avrokuboklarda qalan son təmsilçimiz “Neftçi” Çempionlar Liqasında çıxışını dayandırıb, Avroliqaya yollandı.

Musayev vaxtilə vitse-prezidenti olduğu klubun İsrail “Hapoel”inə qarşı çıxışını və qrup mərhələsinə düşmək şansını dəyərləndirib. Onun fikrincə, “Neftçi” 2:2 hesablı bərabərliyə qaldığı evdəki cavab oyununda bəxti gətirmədiyindən, qalib gələ bilməyib: “Neftçi”nin oyununu canlı gördük, necə deyək ki, futbolçular pis oynadı. Sadəcə, mənə elə gəlir ki, komandamızın oyunu alınmadı. Necə ki, “Xəzər Lənkəran”ın, “Neftçi”nin də elə. Lənkəranlılar həm burda, həm orda bir qapıya oynadı. Ancaq qol imkanlarından istifadə etməkləri alınmadı. Mən çox təəssüfləndim və təəccübləndim. “Neftçi”nin nə qədər qol imkanı oldu...Gəlin, insafla danışaq”.

PFL prezidenti nə “Neftçi”nin, nə də “Xəzər Lənkəran”ın tərəfini saxlamaq istəyində olduğunu bildirib: “Ancaq düz danışaq da. “Neftçi” demək olar 70 dəqiqə bir qapıya oynadı. İsraildəki 0:4 hesablı məğlubiyyətə gəlincə, futbolda olur da. Gəlin, tənbeh eləməyək, Avroliqanı gözləyək. Çempionlar Liqasında alınmadı, Avroliqada alınar. İnşallah, orda qrup mərhələsinə düşsək, lap yaxşı. Buna görə də gözləmək lazımdır”.

Mehman SÜLEYMANOV