Vaqif Sadıqov: Bütün klublar üçün eyni vəziyyət yaranmır - MÜSAHİBƏ
10.08.2012 - 23:03
Vaqif Sadıqov: Bütün klublar üçün eyni vəziyyət yaranmır - MÜSAHİBƏ
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın II turunda bu gün “Rəvan”la keçirəcəyiniz oyuna necə hazırlaşmısız?
- Plan üzrə hazırlıq keçdik. Bilirik ki, ağır oyun olacaq. Qələbəyə köklənmişik. Buna nail olacağımıza ümid edirəm. Heyətimizdə zədəli futbolçular var. Kapitan Aqil Nəbiyev, Tural Nərimanov və Yasin Abbasov zədəlidirlər və onlar oyunun hazırlığına qatılmayıblar.

- Yəqin ki, rəqibi təhlil etmisiniz...
- Təbii, hər bir peşəkar komanda rəqibini mütləq analiz etməlidir. Bilməlidir ki, kimə qarşı oynayırlar. Düşünürəm ki, lazım olan məlumatları əldə etmişik.

- “Rəvan”ın üstünlüyü kimi nəyi qeyd edərdiz?
- Yeni komanda, yeni model, oturuşmuş heyəti var. Topla yaxşı oynadıqlarını və meydanda aqressiv mübarizə apardıqlarını bilirik. Bu komandanın oyununda baş məşqçinin əl işi görünür.

- “Transfer pəncərəsi” avqustun sonuncu günü bağlanacaq. Ayın sonuna qədər heyətə yeni futbolçu cəlb etməyi planlaşdırmısınız?
- Biz transfer çalışmalarını demək olar, yekunlaşdırmışıq. Amma bir hücumçunun alınmasını istərdim. Bunu həll edib-etməyəcəyimizi dəqiq deyə bilmərəm. Alınmasa, qışa qədər bu futbolçularla yolumuza davam edəcəyik.

- Maraq dairənizdə olan belə bir futbolçu varmı?
- Hələlik yoxdur.

- Dünya çempionatı ilə əlaqədar paytaxt təmsilçiləri ev oyunlarını fərqli məkanlarda keçirəcəklər. Artıq bununla bağlı klublar məlumatlandırılıb. Bəs AZAL ev oyunlarını hansı stadionda keçirəcəyini müəyyənləşdiribmi?
- Bəli, biz də belə bir qərar almışıq. Amma hələ dəqiqləşdirməmişik. Çünki cəmi bir gün əvvəl bununla bağlı bizə məlumat verilib. Ev oyununu keçirmək üçün stadionun seçilməsi isə bir günün içində həll olunan məsələ deyil. Biz iki - VI və VIII turdakı ev oyunlarımızı başqa meydanda keçirməliyik. Belə olan halda bütün komandalar üçün eyni vəziyyət yaranmır. Elə komanda var ki, cəmi bir ev oyununu başqa meydanda keçirəcək. Bu balansın pozulmaması üçün belə turların sayı ya 2, ya da 4 olmalı idi.

- AZAL ev oyunlarını süni meydanda keçirdiyini nəzərə alsaq, seçim zamanı necə ot örtüyü olan stadiona üstünlük verəcəksiz?
- Bu elə də önəmli deyil. Düzdür, ev oyunlarımızı süni örtüklü meydanda keçiririk. Amma Türkiyə toplanışı zamanı məşqlərimizi təbii qazonda reallaşdırmışdıq.