“Neftçi” 280 min avronu gözləyir
11.08.2012 - 13:00
“Neftçi” 280 min avronu gözləyir
“Neftçi” Çempionlar Liqasındakı (ÇL) çıxışına görə UEFA-dan 280 min avro alacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinin II və III təsnifat mərhələsində çıxış etdiyi üçün bu qədər qazanc əldə edə bilib.

Qitə futbol qurumu bu turnirin ilk 3 təsnifat mərhələsində çıxış edən klublara hər mərhələ üçün 140 min avro ayırır. "Neftçi" isə iki mərhələdə iştirak etdiyi üçün müvafiq məbləği təmin edib.

"Neftçi" ÇL-in ikinci təsnifat mərhələsindən mübarizəyə başlamışdı. Bu mərhələdə Gürcüstan "Zestafoni"si ilə üzləşən təmsilçimiz ilk oyunda 3:0 qalib gəlmiş, cavab görüşündə 2:2 hesablı heç-heçə ilə mərhələ adlamışdı. III təsnifat mərhələsində isə İsrail çempionu "Hapoel" (Kiryat-Şmona) "ağ-qaralar"ın yolunu kəsdi. İlk oyunda 0:4 hesabı ilə uduzan "Neftçi" Bakıda da yalnız bərabərliyə nail ola bildi – 2:2.

Ancaq bu uğursuzluğa baxmayaraq, "Neftçi" hələ avrokuboklardakı çıxışını davam etdirir. Paytaxt klubu Avroliqanın son təsnifat mərhələsində mübarizə aparmaq şansına malik olaraq, Kipr APOEL-i ilə düşdü. Bu mərhələdə çıxış “Neftçi”yə 100 min, qrup mərhələsinə düşmək isə 1,3 milyon avro qazandıracaq.