“Blekbern” “Qalatasaray”ın futbolçusunu icarəyə götürdü
11.08.2012 - 13:11
“Blekbern” “Qalatasaray”ın futbolçusunu icarəyə götürdü
“Qalatasaray” futbolçusu Kazım Kazımla yenidən yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün gedişində Yunanıstanın “Olimpiakos” klubuna icarəyə verdiyi 26 yaşlı türkiyəli yarımmüdafiəçi bu dəfə də baş məşqçi Fatih Terimə lazım olmayıb. Belə olan halda, İngiltərənin “Blekbern” klubu onu 1 illiyə icarəyə götürüb. İcarə müqaviləsinin şərtinə əsasən ingilislər növbəti mövsüm bitəndən sonra Kazımın transfer hüquqlarına sahib çıxacaq. Bunun nə qədər məbləğə olacağı açıqlanmır.

“Blekbern” ötən mövsüm Premyer Liqada yerini itirdiyindən, Kazım aşağı divizionda çıxış edəcək. Onun İngiltərədə anadan olduğunu, peşəkar karyerasını bu ölkənin aşağı liqasında keçirdiyi nəzərə alsaq, yaxşı tanıdığı məkana qayıtdığını demək olar. Hücumameylli futbolçu ötən mövsüm “Qalatasaray”ın heyətində 9 oyunda 1 qol vurub.

Qeyd edək ki, Kazım 2008-ci ildə məhz Terimin rəhbərliyi altında Türkiyə yığmasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb.