“Neftçi” ilə görüşdə istədiyimizi edirdik”
13.08.2012 - 16:23
“Neftçi” ilə görüşdə istədiyimizi edirdik”
“Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- Öncə Premyer Liqanın II turunda məğlub etdiyiniz “Neftçi” ilə görüş haqda fikirlərinizi bilmək istərdik...
- Oyun ağır keçdi. Deyə bilmərəm ki, “Neftçi” zəif rəqibdir. Matçın nəticəsinə təsir edən amillərdən biri kimi, Çempionlar Liqasının oyununda iştirak etməsini göstərmək olar. Çünki futbolçularda yorğunluq var idi. Həm də biz oyuna yaxşı başladıq. Pressinq tətbiq etdik. Bu baxımdan bir qədər asan oldu.

- “Neftçi”nin bu cür problemlə üzləşə biləcəyini əvvəlcədən proqnozlaşdırmışdınızmı?
- Bunu gözləyirdik. Həm də qoldan sonra bir qədər rahatlaşdıq. Artıq oyunda istədiyimizi edirdik, alınırdı.

- Komandanızın qarşısına ciddi hədəflər qoyulub. Bu yolda əsas rəqiblərinizdən olan “Neftçi”ni üstələdiniz.
- “Qarabağ”la “Neftçi” arasındakı matç həm də bir derbidir. Bu komandalar ilk milli çempionatdan üzü bu yana daim bir-biri ilə rəqabət aparıb. Bu da hər zaman bizim oyunlara marağı artırır. Əsas oyunumuz idi. Digər qarşılaşmalara da hazırlaşıb, qələbə qazanacağıq.

- “Neftçi”nin hazırda yaşadığı hisslər yəqin ki, “Qarabağ” üçün yad deyil. Çünki 3-4 il siz də eyni mənzərə ilə qarşılaşmısız. Bəs bu cür vəziyyətdən necə çıxmaq olar?
- Əsas odur tez toparlanasan. Bunu bacarsan, yaxşı nəticə əldə edəcəksən. “Neftçi”də fiziki yorğunluqla yanaşı, psixoloji vəziyyət də yaxşı deyil. Ola bilsin, futbolçular özlərini daha çox Avropa Liqasının oyununa kökləyiblər. Mərhələ adlamaq haqda düşünürlər.

- Belə çıxır ki, onlar hələ çempionatı düşünmürlər?
- Bəli, hələ tam diqqətlərini daxili birinciliyə yönəltməyiblər. Biz də bu prosesləri keçmişik.

- Bəs “Qarabağ” öz oyununu tam ortaya qoya bilirmi?
- Oyundan oyuna artırırıq. Bu birdən birə baş verəsi proses deyil.

- Əsas probleminiz nədir?
- Anlaşma istənilən səviyyədə deyil. Yeni legionerlərimiz var. Düzdür, komandanın onurğa sütunu dəyişməyib. Tədricən hər şey qaydasına düşəcək.

- Artıq yığmanın düşərgəsində Bəhreynlə qarşılaşmaya hazırlaşırsınız. Ab-hava necədir?
- Hər şey qaydasındadır. Hazırlaşırıq. Çalışırıq ki, yaxşı nəticə qazanaq.

- Təxminən iki aydan artıqdır ki, yığma toplaşmırdı. Bu, hiss olunurmu?
- Yox, hansısa problem yoxdur. Bir-iki məşqdən sonra bir-birimizi başa düşməkdə çətinlik çəkməyəcəyik. İstəyirik rəsmi oyunlar öncəsi qələbə qazanaq və İsraillə matça qalib əhval-ruhiyyədə çıxaq.

- Bəhreynlə bir dəfə qarşılaşıb, qələbə qazanmışıq. Cavab oyununda bunu bacaracağıqmı?
- İnşallah, bunun üçün çalışırıq.

- Yığma üzvləri tam formadadırlarmı?
- Futbolçuların hamısı eyni dərəcədə hazır deyil. Tədricən qaydasına düşəcək. Çempionat təzə başlayıb.

- Qarşılaşma saat 18.00-da baş tutacaq. Bu cür istidə hərəkət etmək çətin olmayacaq?
- Hər iki komanda üçün eyni vəziyyət yaranıb. Vəziyyəti xeyrimizə dəyişməyə çalışacağıq.

- Millinin bəzi oyunçuları klubsuz qalıb. Bu vəziyyət rəsmi oyunlar zamanı yığmanın çıxışına necə təsir göstərəcək?
- Əsas heyət üzvlərindən yalnız Kamran Ağayev klubsuzdur. Onu da bütün klublarımız heyətində görmək istəyir. O, məşqlərini davam etdirir. Aydın məsələdir ki, məşqlə oyun eyni deyil. Oyun təcrübəsi vacibdir. Onun da tezliklə klub tapacağına inanıram.