Ruslar millimizə qalib gəlməsə, mükafat almayacaq
14.08.2012 - 11:25
Ruslar millimizə qalib gəlməsə, mükafat almayacaq
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapello islahatlara başlayır. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis komandasının yalnız qalib gələcəyi halda mükafatlandırılmasını zəruri sayır. Yəni, ruslar bu ilin oktyabrın 16-da millimizlə Moskvadakı qarşılaşmada heç-heçə edərsə, futbolçulara pul verilməyəcək.

Kapello bildirib ki, futbolçulara mükafatların ödənilməyi ilə bağlı yeni sistem tətbiq olunacaq: “Eşitmişəm ki, Rusiyada mükafatlar hər oyuna görə verilir. Ancaq mən elə sistemin tərəfdarıyam ki, pul iştiraka deyil, qələbəyə görə verilsin. Harda işləmişəmsə, ayrı-ayrı oyunlara görə mükafat almamışıq. Bu məsələni Rusiya Futbol İttifaqı ilə müzakirə edəcəyəm. Axı İtaliya və İspaniyada belə sxem istifadə olunmur. Eyni zamanda, futbolçularla mükafatlar haqda danışmaq, onların fikrini öyrənmək istəyirəm. Bu, hətta azarkeşlərə münasibətdə daha düzgün yanaşmadır”.