“İndiki AZAL ötən ilki komandadan qat-qat güclüdür”
14.08.2012 - 18:03
“İndiki AZAL ötən ilki komandadan qat-qat güclüdür”
Premyer Liqanın 3-cü turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”la qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın baş məşqçisi Bernhard Raab arxada qalan 2 turu dəyərləndirib.

Almaniyalı mütəxəssis startda 4 xal qazanmağı yüksək qiymətləndirib: “Premyer Liqanın ilk turunda AZAL-la qarşılaşdıq. Paytaxt klubunun heyətində ötən mövsümə nisbətən xeyli dəyişikliklər olmuşdu. İndiki AZAL, ötən ilki komandadan qat-qat güclü idi. Bu oyunda uşaqlar verilən tapşırıqların öhdəsindən gəldi. Baxımlı oyun nümayiş etdirib bir xal qazandıq. “Turan”la oyuna gəldikdə isə rəqibin ilk turda “Kəpəz”lə matçını izləmişdim. Bu komandanı mütləq məğlub etməli idik. Bu səbəbdən Tovuza yalnız qələbə üçün yollanmışdıq. İlk hissənin ortalarında bir futbolçumuz meydandan qovulsa da, uşaqlar əzmkarlıq nümayiş etdirib qələbəni qazandı. 4 xal çempionatın startı üçün yaxşı nəticədir. Lakin indiki halda komanda haqqında ciddi fikir yürütmək olmaz. Düşünürəm ki, qarşıdakı turlarda komandanın nəyə qadir olduğu görünəcək”.

Raab, həmçinin “Qarabağ”la oyun haqqında da danışıb. O, Ağdam klubunu ölkə çempionatının ən yaxşısı adlandırıb: “Sumqayıt” ötən mövsüm ilk xalını məhz “Qarabağ”dan almışdı. İlk səfər qələbəmiz də Ağdam klubuna qarşı oyunda qazanılıb. Buna baxmayaraq, “Qarabağ” Premyer Liqanın ən stabil və güclü komandalarından biridir. Rəqibin heyətində milli komandanın əsas simaları çıxış edir. Ötən mövsümü də nəzərə alsaq, rəqib oyuna daha hirsli başlayacaq. Biz klub olaraq, bu oyuna çox ciddi hazırlaşırıq. Hər şey edəcəyik ki, bu görüşdən qalib ayrılaq”.

Qeyd edək ki, ilk turda AZAL-la 2:2 oynayan “Sumqayıt” ardınca “Turan”a səfərdə 1:0 hesabı ilə qalib gəlib.