Geriləyən hakim
15.08.2012 - 17:17
Geriləyən hakim
Avropa Liqasının IV təsnifat mərhələsində keçiriləcək “Neftçi” (Azərbaycan) – APOEL (Kipr) qarşılaşmalarını idarə edəcək hakimlərin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk oyunu idarə edəcək Robert Malek və cavab oyununda fit çalacaq Səid Ennjimi Avropada böyük nüfuz hakimi olmayan ədalət təmsilçiləridir.

Avqustun 23-də Bakıdakı “Dalğa Arena”da söz sahibi olacaq Malek isə ümumiyyətlə geriləməsi ilə özü haqda müsbət fikir formalaşdırmayıb. Məsələ ondadır ki, 2001-ci ildən FİFA referisi olan 41 yaşlı polşalı 2007-ci ilədək yüksələn qrafiklə inkişaf edib. 5 il əvvəl UEFA-nın ən yaxşı hakimlərindən sayılıb. Həmin vaxt Malek qurumun ən yaxşı hakimlər üçün olan “Premyer List”inə düşüb. Lakin cəmi 2 il sonra o geriləyərək, inkişaf etməkdə olanların yüksək kateqoriyasına düşüb. 2011-ci ildə isə UEFA-nın daha aşağı – I kateqoriyasına yuvarlanıb. 2007-ci ildə U-21-lərin Avropa çempionatının yarımfinalınadək irəliləyən hakim son illərdə Avropa Liqasının qrup mərhələsindən uzağa gedə bilmir.

Avqustun 30-da Nikosiyada keçiriləcək cavab oyununda fit çalacaq 39 yaşı olan fransalı isə yalnız 2008-ci ildən FİFA referisidir. UEFA-nın hakimlər üçün I kateqoriyasına daxil olan hakim fransız və ingilis dilləri ilə yanaşı ərəb dilini də bilir. Bu da onun əslən mərakeşli olması ilə bağlıdır. Afrika köklü Ennjimi son illər Avropa Liqasının qrup oyunlarında da iş başında olur.